“HƏMAS” bildirir ki, atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində yanvarın 25-də dörd qadın əsgər azad ediləcək.
“HƏMAS” atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində yanvarın 25-i şənbə günü azad ediləcək daha dörd girovun adını açıqlayıb. Onların dördü də qadın əsgərdir. Onlar hazırda İsrail həbsxanalarında saxlanılan 180 fələstinli məhbusla dəyişdiriləcəklər.
BBC-nin yazdığına görə, “HƏMAS” həmçinin, yaxın gələcəkdə qalan 26 girov haqqında da məlumat dərc edəcək və onlar növbəti beş həftə ərzində mərhələli şəkildə azad olunacaqlar. Onların arasında Bibas ailəsi də var – iki azyaşlı uşağı olan valideynlər, onlardan ən kiçiyi qaçırma zamanı cəmi 10 aylıq idi.
“HƏMAS” və İsrail arasında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minib və o üç mərhələyi əhatə edir. Müqavilənin əsas məqamlarından biri girovların və məhbusların mübadiləsidir.
Bununla yanaşı, razılaşmanın bir hissəsi kimi İsrail 7 oktyabr hücumunda birbaşa iştirak edən məhbusları azad etməkdən qəti şəkildə imtina edib.