“GWP” – borcun səhv hesablandığı abonentlərə qısa mətn mesajı vasitəsilə məlumat veriləcək və yanlış hesablanmış məbləğlər düzəldiləcək
“Georgian Water and Power” şirkəti qüvvədə olan qanunvericiliyə və Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının 32 saylı qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq, 2026-cı ilin avqustunda kanalizasiya şəbəkəsinə mövcud olan qeydiyyatsız qoşulmaların uçota alınması və qaydaya salınması prosesini həyata keçirib.
Şirkətin məlumatına görə, bu tədbirin məqsədi bütün istehlakçılar üçün bərabər və ədalətli şəraitin təmin edilməsi, sistemdə mövcud olan qeydiyyatsız obyektlərin müəyyənləşdirilməsi və qanunvericiliyə uyğunlaşdırılması olub.
Məlumatların emalı zamanı texniki və sistem xətaları aşkarlanıb. Nəticədə bir sıra abonentlərə səhv hesablamalar aparılıb və yanlış məbləğdə borc yazılıb.
“Georgian Water and Power” şirkəti yol verilmiş səhvi etiraf edir, problemin aradan qaldırılması istiqamətində çalışır və yaranmış vəziyyətə görə istehlakçılardan üzr istəyir.
Şirkətin aidiyyəti xidmətləri hər bir abonentin vəziyyətini fərdi qaydada araşdırır. Borcu səhv hesablanmış abonentlərə sentyabrın 10-da günün sonunadək SMS vasitəsilə məlumat veriləcək və yanlış hesablanmış məbləğlər düzəldiləcək.
Əks halda, abonentlər “GWP”nin qaynar xəttinə və xidmət mərkəzlərinə müraciət edə bilərlər. “Georgian Water and Power” hər bir müraciətin fərdi və operativ şəkildə araşdırılmasını, eləcə də hesablanmış məbləğin düzəldilməsini təmin edəcək”, – deyə şirkətin açıqlamasında bildirilir.