Gürcüstanın Xarici İşlər Nazirliyi BMT-nin Təhlükəsizlik Şurasının iclası ilə əlaqədar rəsmi məlumat yayır
2024-cü ilin avqustun 14-də BMT-nin Təhlükəsizlik Şurası qapalı iclasda Rusiya-Gürcüstan müharibəsinin 16-cı ildönümü ilə əlaqədar Rusiya tərəfindən işğal olunmuş Gürcüstanın ərazilərində mövcud vəziyyəti və Rusiya-Gürcüstan münaqişəsi məsələsini müzakirə edib – Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Qurumun məlumatına əsasən, iclas çərçivəsində Maltanın BMT yanındakı daimi nümayəndəsi vəzifəsinin icraçısı Françeska Qati Təhlükəsizlik Şurası qarşısında məruzə ilə çıxış edib və şuranın üzvlərinə ərazidə mövcud vəziyyət və Cenevrə Beynəlxalq Danışıqlarının prosesi haqqında yenilənmiş məlumat verib.
“İclas başa çatdıqdan sonra Təhlükəsizlik Şurasına üzv dövlətlərin – ABŞ, Birləşmiş Krallıq, Fransa, Yaponiya, Malta və Sloveniyanın, eləcə də şuranın gələcək üzv dövlətlərinin Danimarka və Yunanıstanın nümayəndələri media qarşısında birgə bəyanatla çıxış ediblər.
Bəyanatda onlar qeyd ediblər ki, Rusiyanın Gürcüstana qarşı genişmiqyaslı hərbi təcavüzündən və Gürcüstan ərazilərinə qanunsuz müdaxiləsindən 16 il keçdi. 2008-ci ildə Gürcüstanın istilası ilə Rusiyanın qonşu ölkələrə və Avropanın təhlükəsizlik arxitekturasına yönəlik aqressiv siyasətinin gücləndiyi ortaya çıxmış oldu.
Yuxarıda bəhs edilən ölkələrin nümayəndələri Gürcüstanın müstəqilliyinə, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə qəti dəstək ifadə ediblər və Rusiya tərəfindən Gürcüstanın ərazi bütövlüyünün kobud şəkildə pozulmasına görə narahat olduqlarını bildiriblər. Onlar Gürcüstanın ayrılmaz parçaları olan Abxaziya və Sxinvali bölgələrinə Rusiyanın hərbi qüvvələri tərəfindən qəddar müdaxiləni və BMT Nizamnaməsinə zidd olan qeyri-qanuni yerləşməni, Rusiyanın effektiv nəzarətini və hər iki bölgənin Rusiyanın siyasi, hərbi, ədliyyə, iqtisadi və sosial sahələrinə qəbul edilməsinə xidmət edən bu bölgələrin ilhaqına yönəlmiş atılan addımları, o cümlədən inteqrasiya sazişlərinin imzalanmasını, strateji əhəmiyyətli obyektlərin – Bicvinti kurortunun, Suxumi Hava Limanının və Oçamçire limanının Rusiya Federasiyasına verilməsini, qeyri-qanuni dırnaqarası seçkilərin keçirilməsini qınayıblar.
ABŞ, Birləşmiş Krallıq, Fransa, Yaponiya, Malta, Sloveniya, Danimarka və Yunanıstan nümayəndələri bir daha Rusiyanı Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci ilin avqustun 12-də imzalanmış atəşkəs sazişindən irəli gələn öhdəlikləri tam şəkildə yerinə yetirməyə və öz hərbi və təhlükəsizlik qüvvələrini dərhal Gürcüstan ərazisindən çıxarmağa çağırıblar” – qurum tərəfindən yayılmış məlumatda deyilir.