Gürcüstanın Müdafiə naziri Türkiyə Respublikasında səfərdədir
Gürcüstanın Müdafiə naziri Türkiyə Respublikasında səfərdədir

Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani türkiyəli həmkarı Yaşar Gülərin dəvəti ilə Türkiyə Respublikasında səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, İrakli Çikovani İzmirə səfəri çərçivəsində Doğanbey təlim poliqonunda keçirilən “EFES-2026” çoxmillətli hərbi təlimlərinin nümayiş təlimində iştirak edib. Təlimlərdə gürcü hərbçiləri həm qərargah, həm də səhra təlimlərində iştirak ediblər. “Fəxri Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Müdafiə naziri Yaşar Gülər, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, eləcə də müxtəlif ölkələrin yüksək rütbəli hərbi və siyasi nümayəndələri iştirak ediblər. Nümayəndə heyətinə Gürcüstan Müdafiə Naziri ilə yanaşı, Gürcüstan Müdafiə Qüvvələrinin Komandanı general-leytenant Qiorqi Matiaşvili və onun müavini general-mayor Zaza Çxaidze də daxildir.

Çoxmillətli “EFES-2026” hərbi təlimləri çərçivəsində nazirlər ikitərəfli görüş keçiriblər. Müdafiə İdarəsinin məlumatına görə, Gürcüstan və Türkiyənin müdafiə nazirləri iki ölkə arasında mövcud əməkdaşlıq məsələlərini və gələcək planları müzakirə ediblər. İrakli Çikovani dəvətə görə türkiyəli həmkarına təşəkkür edib və ölkələr arasında müdafiə sahəsində mövcud sıx və səmərəli əməkdaşlığı vurğulayıb. Nazir strateji tərəfdaşa Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib. Söhbət zamanı təhlükəsizlik çağırışları, həmçinin regionda sülh və sabitliyin əhəmiyyəti müzakirə olunub. Tərəflər müdafiə sahəsində müxtəlif istiqamətləri, o cümlədən yüksək səviyyəli səfərləri, birgə təlimləri, tədris kurslarını, ekspert səviyyəsində məsləhətləşmələri və digər məsələləri əhatə edən ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarına xüsusi diqqət yetiriblər.

“EFES-2026” Türkiyə Respublikası Silahlı Qüvvələrinin ən irimiqyaslı və strateji cəhətdən əhəmiyyətli çoxmillətli təlimlərindən biridir və təlimdə 50-yə yaxın ölkə iştirak edir. Gürcüstan Müdafiə Qüvvələri bu çoxmillətli təlimdə dördüncü dəfə iştirak edib.

Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyətinin üzvləri təlim çərçivəsində təşkil olunan müdafiə sənayesi sərgisində də iştirak ediblər və müdafiə sənayesi sahəsində tanınmış türk şirkətlərinin istehsal etdiyi məhsullarla tanış olublar.