Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiyanı Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə çağırır
Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiyanı Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə çağırır

Gürcüstan, Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli siyasətini həyata keçirməyə qətiyyətlə davam edir və diplomatik və hüquqi vasitələrdən istifadə etməklə, beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqla, ölkənin işğaldan azad edilməsini, dinc yolla bütövləşməni və inkişafı təmin etməyi hədəfləyir – bu haqda Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bəyanatda qeyd edildiyi kimi, Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır.

“2024-cü ildə Rusiya tərəfindən Gürcüstana qarşı həyata keçirilmiş genişmiqyaslı hərbi təcavüzdən 16 il tamam olur, 16 ildən sonra belə Rusiya Federasiyası 2008-ci ilin avqustun 12-də Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış atəşkəs razılaşmasını pozaraq və beynəlxalq hüququn fundamental normalarına tam şəkildə məhəl qoymayaraq Gürcüstanın ayrılmaz parçaları olan Abxaziya və Sxinvali bölgələrinin işğalını davam etdirir, bu Beynəlxalq Cinayət Məhkəməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin 2021-2024-cü illərdə qəbul etdiyi bir sıra qərarlarla sübuta yetirilmişdir. Gürcüstanın işğal olunmuş bölgələrində qanunsuz yerləşdirilmiş Rusiya hərbi bazaları; işğalçı qüvvələr tərəfindən müntəzəm olaraq keçirilən hərbi təlimlər; işğal xəttində süni şəkildə ucaldılmış maneələr; Gürcüstanın dinc vətəndaşlarının qətlə yetirilməsi, qanunsuz saxlanılmalar, gürcülərə qarşı etnik ayrı-seçkilik və Rusiyanın digər destruktiv hərəkətləri işğal olunmuş bölgələrdə mövcud kövrək təhlükəsizlik və humanitar mühiti daha da pisləşdirir. Eyni zamanda, Rusiya beynəlxalq təşkilatların əraziyə məhdudiyyətsiz keçidinə və beynəlxalq təhlükəsizlik mexanizmlərinin yerləşdirilməsinə bu günə qədər əngəl olur.

Ümumi sosial və iqtisadi məkan yaratmaqla, işğal olunmuş ərazilərdə qeyri-qanuni seçkilər keçirməklə, yaşayış məntəqələrini və strateji obyektləri üzərinə keçirməklə, işğalçı rejimlərlə müxtəlif növ inteqrasiyaedici dırnaqarası sazişlər və memorandumlar bağlamaqla və həyata keçirməklə Rusiya Gürcüstanın ayrılmaz bölgələrini Rusiyanın siyasi, hərbi, iqtisadi və sosial sistemlərinə inteqrasiya etmək məqsədini güdür və işğal olunmuş ərazilərdə yaşayan əhalinin Gürcüstanın qalan hissəsindən, eləcə də beynəlxalq ictimaiyyətdən təcrid olunmasını təşviq edir.

Gürcüstan, Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli siyasətini həyata keçirməyə qətiyyətlə davam edir və diplomatik və hüquqi vasitələrdən istifadə etməklə, beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqla, ölkənin işğaldan azad edilməsini, dinc yolla bütövləşməni və inkişafı təmin etməyi hədəfləyir. Gürcüstan, əsas məqsədi Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasının icrası və məcburi köçkünlərin və qaçqınların geri qaytarılması məsələlərini həll etmək olan Cenevrə Beynəlxalq Danışıqlarında konstruktiv şəkildə iştirak etməyə davam edir. Gürcüstan hökuməti işğal xətti ilə bölünmüş cəmiyyətlər arasında barışıq və etimadın bərpasını təmin etmək və ümumi Avropa gələcəyini qurmaq üçün addımlar atır.

Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti və qeyd-şərtsiz dəstəyini vurğulayır və Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli prosesində beynəlxalq tərəfdaşlara dəstəyə görə minnətdardır.

Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əsasən Avropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə, qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa, işğal olunmuş ərazilərdə insan hüquqlarının kobud şəkildə pozulmasını, məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtmasına mane olmağı dayandırmağa çağırır. Xarici İşlər Nazirliyi 2008-ci ilin müharibəsində qəhrəmancasına həlak olmuş döyüşçülərin və mülki şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, ehtiramını ifadə edir” – bəyanatda deyilir.