Gürcüstanın katolikos-patriarxı İkinci İlia Sioni məbədində dəfn edildi [Foto]
Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta -Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti İkinci İlia həzrətləri Sioni məbədində dəfn edildi.
Hökumət nümayəndələri, baş kahinlər və şəxsi mühafizə dəstəsinin üzvləri Sioni məbədində Patriarxla vidalaşdılar.
Gürcüstan Katolikos-Patriarxının dəfn mərasimi Üçlük məbədində səhər saatlarından etibarən davam edirdi. Məbəddə mərasim saat 09:00-da başladı. Üçlük məbədində Konstantinopolun-Yeni Romanın arxiyepiskopu və dünya Patriarxı, əqdəs Birinci Bartlome iştirak edirdi və o, patriarxlıq taxtının varisi, mitropolit Şio və Gürcüstan Kilsəsinin müqəddəs Sinodunun üzvləri ilə birlikdə İkinci İlia həzrətlərinin dini mərasimini keçirdi.
Mərasimdən sonra məbəddə toplaşanlara dünya Patriarxı, həmçinin Gürcüstan Prezidenti, Parlamentin sədri, Baş nazir və “Gürcü Arzusu”nun fəxri sədri müraciət etdi. Üçlük məbədində müxtəlif konfessiyaların nümayəndələri, eləcə də diplomatik korpusun nümayəndələri və müxtəlif ölkələrdən nümayəndə heyətləri iştirak edirdi.
İkinci İlianı Üçlük məbədindən çıxartdılar və Sioni məbədinə qədər yas mərasimi keçirildi.
Katolikos-Patriarxın nəşinin Sioni məbədinə yerləşdirilməsindən dəfn edilməsinə qədər Gürcüstanın fəaliyyət göstərən bütün məbədlərində matəm zəngləri çalındı.
Ümumi Gürcüstanın 141-ci Katolikos-Patriarxı İkinci İlia 17 martda 93 yaşında vəfat etdi.