Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin əmri ilə “Dəmir yolu sərnişinlərinin hüquqlarının müdafiəsi qaydası” təsdiqlənib
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin əmri ilə “Dəmir yolu sərnişinlərinin hüquqlarının müdafiəsi qaydası” təsdiqlənib. Bu barədə məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.
Qurumun məlumatına görə, bu qayda dəmir yolu nəqliyyatı sahəsində sərnişinlərin hüquqlarının müdafiəsi üzrə vahid, effektiv və şəffaf sistemin formalaşdırılmasına, xidmət və etibarlılıq keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.
Dəmir yolu sərnişinlərinin hüquqlarının müdafiəsinə nəzarəti sərnişinlərə məsləhətlərin verilməsini, şikayətlərə baxılmasını, qaydanın icrasının monitorinqini və yoxlanılmasını təmin edən publik hüquqi şəxs – Dəmir Yolu Nəqliyyatı Agentliyi həyata keçirəcək. Bu qayda Gürcüstanda qeydiyyatdan keçmiş dəmir yolu müəssisəsi tərəfindən həyata keçirilən ölkədaxili və beynəlxalq dəmir yolu sərnişin daşımalarına şamil edilir.
Digər məsələlərlə yanaşı, bu qayda ilə əsasən aşağıdakılar tənzimlənir: sərnişinin məlumatlandırılması öhdəliyi – səfərdən əvvəl və səfər zamanı daşıma şərtləri, tariflər, cədvəl, ləngimələr, gecikmələr və şikayətlərin verilməsi prosedurları haqqında;
Biletin qiymətinin geri qaytarılması və marşrutun dəyişdirilməsi – təyinat məntəqəsinə çatacaq qatarın 60 dəqiqə və ya daha çox gecikəcəyi gözlənilirsə, sərnişin biletin qiymətinin tam geri qaytarılmasını və ya əlavə xərc çəkmədən, oxşar nəqliyyat şərtləri ilə səfərin davam etdirilməsini və ya marşrutun dəyişdirilməsini seçə bilər.
Gecikməyə görə kompensasiya – dəmir yolu müəssisəsinin səbəbindən baş verən gecikmə zamanı sərnişin 60 dəqiqədən 120 dəqiqəyədək gecikmə üçün bilet dəyərinin 25%-ni, 120 dəqiqə və ya daha çox gecikmə üçün isə 50%-ni tələb etmək hüququna malikdir. Qayda kompensasiya öhdəliyinin yaranmadığı müstəsna halları da nəzərdə tutur;
Yardım – 60 dəqiqədən çox gecikmə zamanı dəmir yolu müəssisəsi sərnişinə ödənişsiz olaraq qida və içki, zərurət yarandıqda isə müvəqqəti yerləşdirmə və nəqliyyat təklif edir;
Bağajın daşınması ilə bağlı məsələlər, o cümlədən bağajın itməsi, zədələnməsi və gecikdirilməklə çatdırılması hallarında kompensasiya şərtləri; dəmir yolu qəzası, ciddi dəmir yolu qəzası və ya insident zamanı sərnişinin həyatına və sağlamlığına dəymiş ziyanın ödənilməsi;
Məhdud imkanlı və hərəkət qabiliyyəti məhdud olan şəxslərə xidmət şərtləri – əlavə ödəniş edilmədən rezervasiya və bilet şərtləri, ən azı 24 saat əvvəldən qabaqcadan bildiriş əsasında vağzalda və qatarda ödənişsiz yardım, hərəkətə köməkçi vasitələrin zədələnməsi və ya itirilməsinə görə kompensasiya, həmçinin heyətin məcburi təlimi;
Xidmət keyfiyyəti standartları – dəmir yolu müəssisəsi xidmət keyfiyyəti standartlarını müəyyən etməyə və keyfiyyətin idarə edilməsi sistemini tətbiq etməyə borcludur. Şikayətin verilməsi – sərnişinin hadisə baş verdiyi gündən etibarən 3 ay müddətində dəmir yolu müəssisəsinə şikayətlə müraciət etmək hüququ var. Şikayətə 1 ay müddətində baxılır. Əgər şikayət təmin olunmazsa və ya baxılma müddəti başa çatarsa, sərnişinin publik hüquqi şəxs – Dəmir Yolu Nəqliyyatı Agentliyinə şikayətlə müraciət etmək hüququ var.
Dəmir yolu hadisəsi ilə bağlı şikayət birbaşa Agentliyə təqdim olunur. Nəzarət və icra – dəmir yolu sərnişinlərinin hüquqlarının müdafiəsinə nəzarəti publik hüquqi şəxs – Dəmir Yolu Nəqliyyatı Agentliyi həyata keçirəcək. Agentlik sərnişinlərə məsləhətlərin verilməsini, şikayətlərə baxılmasını, qaydanın icrasının monitorinqini və yoxlanılmasını təmin edir. Qanun pozuntusu aşkar edildiyi təqdirdə, Agentlik pozuntunun özünün müəyyən etdiyi müddətdə aradan qaldırılmasını tələb etmək, yazılı tövsiyə vermək və ya qanun pozucusuna Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət tətbiq etmək hüququna malikdir.