Gürcüstanın daxili işlər naziri Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin Qiymətləndirmə və Təftiş Direktoru ilə görüşüb
Gürcüstanın daxili işlər naziri Qeka Qeladze Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin Qiymətləndirmə və Təftiş direktoru general-leytenant Yaşar Kadıoğlu ilə görüşüb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
Nazirliyin məlumatına görə, Yaşar Kadıoğlu Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğramasından sonra Gürcüstana gələn Türkiyə Respublikasının nümayəndə heyətinə rəhbərlik edib, nümayəndə heyətinin üzvləri gürcü həmkarları ilə birlikdə təyyarənin qəzaya uğradığı yerdə müvafiq axtarış-xilasetmə tədbirlərində və istintaq hərəkətlərində iştirak ediblər.
“İkitərəfli görüş çərçivəsində Yaşar Kadıoğlu səmərəli fəaliyyətinə və koordinasiyalı əməkdaşlığa görə Qeka Qeladzeyə təşəkkür edib. Türk generalın dediyinə görə, gürcü polis bölmələri, aviaqəza yerində çalışanlar, yüksək peşəkarlıq və standartları ilə seçilirdilər.
Görüşdə daxili işlər nazirinin birinci müavini Roni Mesxi, Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvili, Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay, missiya rəhbərinin müavini, səfirliyin birinci müşaviri Melike Yılmaz Ozkiferi və hərbi attaşe, polkovnik İlhan Oktendural iştirak edirdilər.
Noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın dövlət sərhədinin təxminən 5 kilometrliyində qəzaya uğrayıb. Nəticədə Türkiyə Hərbi Hava Qüvvələrinin 20 əməkdaşı həlak olub”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.