"Gürcüstanda istehsal et" agentliyinin dəstəyi ilə Alibaba.com-da gürcü şirkətlərinin yerləşdirilməsinə başlanılır
"Gürcüstanda istehsal et" agentliyinin dəstəyi ilə Alibaba.com-da gürcü şirkətlərinin yerləşdirilməsinə başlanılır

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Gürcüstanda istehsal et” agentliyinin dəstəyi ilə aparıcı B2B elektron ticarət platforması – Alibaba.com-da gürcü şirkətlərinin yerləşdirilməsinə başlanılır.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, ilk mərhələdə 50-yə qədər gürcü şirkətinin platformada qeydiyyatdan keçməsi planlaşdırılır.

“Agentlik illik üzvlük haqqını və məhsulların təşviqi və platformada yerləşdirilməsi ilə bağlı digər xərcləri tam ödəyəcək. Gürcü şirkətləri “Global Gold Supplier” statusundan – bir növ təsdiqetmə sertifikatından istifadə edəcəklər ki, bu da şirkətlərə olan etibarı artırır və potensial alıcılara məlumatlı qərar qəbul etməyə kömək edir. Alibaba.com-da yerləşmə Gürcü şirkətlərinə unikal imkanlar verəcək: qlobal bazara çıxmaq, beynəlxalq tərəfdaşlar cəlb etmək və ixracı artırmaq”, – nazirliyin məlumatında qeyd olunub.

Bununla yanaşı, agentliyin məlumatına görə, platformada yerləşdirilməsi üçün şirkətlərin seçimi iki mərhələdə həyata keçirilir.

“Birinci mərhələdə, “Gürcüstanda istehsal et” agentliyinin elektron platforması (tradewithgeorgia.com) üzərində illər ərzində ən yüksək ballar toplayan şirkətlərin sıralanması/seçimi həyata keçirildi. İkinci mərhələdə isə, Alibaba.com komandası üçün təqdim olunan şirkətlər əlavə yoxlamadan keçəcək. Seçim prosesi tamamlandıqdan sonra, agentliyin dəstəyi ilə şirkətlər təlimdən keçəcək və bundan sonra onların platformada yerləşdirilməsi başlanacaq.

Yaxın vaxtlarda Alibaba.com komandası Gürcüstana səfər edəcək, səfər çərçivəsində elektron ticarətin aparıcı platformasının nümayəndələri Gürcüstan məhsulları ilə tanış olacaqlar.

Alibaba.com 1999-cu ildə təsis edilib. Elektron ticarətin aparıcı B2B platforması alıcılar və təchizatçılar üçün dünya üzrə 200-dən çox ölkə və regiona xidmət göstərir. Platforma ticarətin müxtəlif sahələrini əhatə edir, bizneslərin qlobal bazara çıxmasına kömək edir, alıcılar isə məhsulları kəşf etməkdə, təchizatçıları tapmaqda və sifarişləri sürətli və effektiv şəkildə yerləşdirilməsinə kömək edir”, – İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda deyilib.