Gürcüstan Xarici İşlər Nazirliyi - Azərbaycanın xarici işlər naziri Azərbaycan neft məhsullarının Ermənistana daşınması məsələsinin tez bir zamanda həllinə görə gürcü tərəfinə təşəkkür edib
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı keçirib. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, Söhbət zamanı xarici işlər nazirləri ötən ili yekunlaşdırıb, ölkələr arasında strateji əhəmiyyət daşıyan mövcud layihələri, həmçinin, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
“Ölkələr arasında yüksək səviyyəli səfər mübadiləsinin müsbət dinamikası vurğulanıb.
Gürcüstanla Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində əldə olunan irəliləyişə xüsusi diqqət yetirilib. Azərbaycanın xarici işlər naziri Azərbaycan neft məhsullarının Gürcüstan ərazisindən Ermənistana daşınması məsələsinin operativ şəkildə həllinə görə gürcü tərəfinə təşəkkür edib.
Bölgədə gedən proseslərdən danışılarkən, Cənubi Qafqazda sülh və sabitliyin vacibliyi və Gürcüstanın bu prosesə töhfə verməyə hazır olduğu vurğulanıb.
Nazirlər səmərəli əməkdaşlığa görə bir-birinə təşəkkür ediblər. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarını qarşıdan gələn Yeni il münasibətilə təbrik edib və ikitərəfli münasibətləri daha da möhkəmləndirmək arzusunda olduğunu bildirib”, – Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Maka Boçorişvili ilə Ceyhun Bayramov arasında telefon danışığı barədə məlumat yayıb.