Gürcüstan və Bolqarıstan futbol yığmaları oyununa əlavə biletlər satılacaq
Bolqarıstanlı azarkeşlər artıq Gürcüstana gəlməyəcək və onlar üçün ayrılmış biletləri gürcü azarkeşlər əldə edə biləcəklər, – Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayır.
“7 sentyabr tarixində planlaşdırılan Dünya Çempionatının seçmə mərhələsinin ikinci ev oyununda, Gürcüstan millisi Bolqarıstanla qarşılaşacaq və əlavə biletlər satılacaq.
Məlum olduğu kimi, stadionun tutumunun 5%-i qonaq komandanın azarkeşləri üçün ayrılıb. Lakin Bolqarıstan Futbol Federasiyasının verdiyi məlumata əsasən, qonaq azarkeşlər üçün nəzərdə tutulmuş sektorlar istifadə olunmayacaq.
Müvafiq olaraq, onlar üçün ayrılmış birinci pillənin 9-cu və 10-cu sektorları, həmçinin yaxınlıqda yerləşən təhlükəsizlik üçün nəzərdə tutulmuş yerlər tam şəkildə yenidən satışa çıxarılacaq.
Əlavə biletlərin qiyməti 40 lari olacaq. Biletlərin satışı 6 sentyabr saat 12:00-da BILETEBI.GE saytında başlayacaq.
Biletlər birinci pillənin 9-cu və 10-cu sektorlarında, həmçinin ikinci pillənin 12-ci sektorundan 17-ci sektoru da daxil olmaqla yerləşir”, – Gürcüstan Futbol Federasiyasının mətbuat xidmətinin yaydığı məlumatda yazılıb.