Gürcüstan radiosu 100 yaşındadır
Gürcüstan radiosu 100 yaşındadır. Düz bir əsr əvvəl, 1925-ci ildə Gürcüstanda ilk radio yayımı başladı.
Texnologiyalarn və sosial şəbəkələrin inkişafına baxmayaraq, radio bu günə qədər öz dinləyicisini, yerini və aktuallığını itirmir.
“Bu gün Gürcüstanda ilk yayımın başlanmasından 100 il, bir əsr keçdi. Gürcüstan radiosu Avropada ilk yayıma başlayanlardan biri olub. Bir əsrdən sonra da, cəsarətlə deyə bilərik ki, radio hələ də aktual media vasitəsidir. Onun əhəmiyyəti xüsusilə çətin və fövqəladə vəziyyətlərdə, ən operativ və etibarlı media vasitəsi kimi daha çox hiss olunur. Gürcüstan radiosu illər ərzində cəmiyyətin xüsusi sevgisini və hörmətini qazanıb. Radiomuz unikal “Qızıl fond” arxivini saxlayır. Bu tarixi dəyərə malik qeydlər ölkəmizin mədəni irsinin ayrılmaz hissəsi və millətin yaddaşıdır. Məhz buna görə də radionun 100 illiyi həmçinin xüsusi hadisə ilə qeyd olunur, Gürcüstan radioyayımının fasiləsiz ənənəsinə qeyri-maddi mədəni irs abidəsi statusu verilib. Düşünürük ki, bu, yalnız başlanğıcdır. Davamı olacaq”, – Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili bildirdi.
Gürcüstanda az güclü qəbul-edici və ötürücü stansiyaların qurulmasına 1918-ci ildən başlanılıb. 1924-cü ildə Tbilisidə naqillər vasitəsilə radio yayımının ilk sınağı həyata keçirildi – Opera teatrından Elektromexanika zavodunun klubuna (radio emalatxanasının yerləşdiyi yer) „Karmen“ operası yayımlandı.
1925-ci ildə Navtluği radiostansiyasından ilk radio konserti təşkil edildi. İlk gürcü qadın radio operatoru Maro Tarxnişvili öz xatirələrində səkkiz nəfərlik komanda ilə „Tbilisi“ mehmanxanasında (o vaxtlar “Əmək Sarayı”) radio yayımının təntənəli açılışına dəvət edildiyini təsvir edir. İlk dəfə olaraq Maro Tarxnişvili özünün məşhur “Urmuli” əsərini ifa etdi, sonra isə onun qrupu bir neçə mahnı ifa edib.
İlk dəfə olaraq yazıçıların, ictimai xadimlərin çıxışları, tamaşalardan səhnəciklər, bədii oxuma və s. radionun canlı efirində yayımlanırdı. Səs yazma və səsləndirmə avadanlığı istifadəyə veriləndə Gürcüstan Radiosu çox mühüm bir vəzifəni öhdəsinə götürdü – yaradıcılıq və sənədli materialları lentə köçürdü və onları daimi olaraq “Qızıl Fond”da saxladı. Bu gün o, çoxəsrlik gürcü mədəniyyətinin ən qiymətli xəzinəsidir.
“Qızıl fond”un arxiv materialları milyonlarla yazını əhatə edir, onların arasında ən qədim xalq mahnıları və böyük ənənələrə malik radio teatrı var. “Qızıl fond”un ilk yazısı 1913-cü ildə, qrammofonda Akakinin “Şəfəq” adlı əsərinin lentə alındığı vaxta təsadüf edir. Bu səs yazısı xronoloji və əhəmiyyətli dərəcədə Gürcüstan bədii radio yayımında ilkdir, buna görə də “Qızıl fond”un ilk eksponatı hesab olunur.
Radionun “Qızıl fond”u ölkənin səs yazılarının xəzinəsidir, burada gürcü yazıçıların, ictimai və siyasi xadimlərin yazıları saxlanılır: İvane Cavaxişvili, Simon Ğauçişvili, Akaki Şanidze, Niko Ketsxoveli, Galaktion Tabidze, Giorgi Leonidze, Qriqol Robaqidze, Vano Saracişvili, Erosi Mancqaladze, Veriko Andjaparidze və başqalarının. Fondun arxivində beynəlxalq əhəmiyyətə malik, dünyanın şöhrətli xadimlərinin unikal səs yazıları qorunub. Radio arxivində Gürcüstan radio yayımının başlanğıcı, onun ilk verilişləri haqqında ən mühüm sənədli qeydlər də qorunur. Hər qeydin özünəməxsus tərcümeyi-halı var.
Bu gün Gürcüstanın radiosunun iki kanalının siqnalını bütün ölkə miqyasında qəbul etmək mümkündür – FM 102.3, Gürcüstan Radio Musiqisi isə FM 100.9-da yayımlanır.
İldən-ilə Gürcüstan radiosunun proqramı daha çox rəngarəng və müasir texnologiyalara və tələblərə uyğun olur.