Gürcüstan Patriarxlığı İkinci İlianın dəfn mərasimi ilə bağlı məlumat yayır və vətəndaşlara müraciət edir
Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidməti ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın dəfn mərasimi ilə bağlı məlumat yayır.
İctimaiyyətlə Əlaqələr Xidmətinin xəbər verdiyi kimi, Üçlük məbədi martın 22-si saat 02:00-dan 08:00-dək bağlı olacaq, bazar günü isə səhər saat 08:00-dan etibarən məbədə giriş yalnız xüsusi icazələrlə mümkün olacaq.
“Ümumi Gürcüstanın Katolikos-Patriarxı, İkinci İlia həzrətlərinin dəfn mərasimi üçün sahmana salınması və mərasim üçün hazırlanması, eləcə də nümayəndə heyətlərinin iştirakından irəli gələrək təhlükəsizlik standartlarının qorunması üçün Əqdəs Üçlük patriarxlıq məbədi martın 22-si saat 02:00-dan 08:00-dək bağlanacaq.
Bazar günü, səhər saat 08:00-dan etibarən, bizdən asılı olmayan, obyektiv səbəblərə görə, məbədə giriş yalnız xüsusi icazələrlə mümkün olacaq və xahiş edirik bu faktı anlayışla qarşılayasınız.
Mərasim səhər saat 09:00-da başlayacaq. Dini ayini ümumi Gürcüstanın patriarxlıq taxtının varisi, Senaki və Çxorotsğunun mitropoliti Şio Muciri Gürcüstan Kilsəsinin müqəddəs Sinodunun üzvləri ilə birlikdə yerinə yetirəcək.
Saat 12:15-də Konstantinopolun-Yeni Romanın arxiyepiskopu və dünya Patriarxı, əqdəs Birinci Bartlome məbədə gələcək və patriarxlıq taxtının varisi, mitropolit Şio və Gürcüstan Kilsəsinin müqəddəs Sinodunun üzvləri ilə birlikdə İkinci İlia həzrətlərinin dini mərasimini keçirəcək.
Saat 15:00-da ümumi Gürcüstanın Katolikos-Patriarxı, İkinci İlia həzrətlərinin nəşi Əqdəs Üçlük adına patriarxlıq məbədindən Sioni Patriarxlıq məbədinə piyada yürüşlə aparılacaq.
Məbəddə Patriarxla vidalaşa bilməyən möminlərə bu imkan Əqdəs Üçlük məbədindən Sioni məbədinə qədər olan yolda keçiriləcək matəm yürüşü zamanı veriləcək. Marşrut boyunca canlı dəhliz təşkil olunacaq, həmçinin əhali bu yolda quraşdırılmış çox sayda ekranda ibadəti birbaşa efirdə izləyə və istədiyi halda həzrətlərinə gül dəstələri ilə ehtiram göstərə biləcək.
Üzr istəyirik və mövcud vəziyyəti anlayışla qarşılamağınızı xahiş edirik. Hər bir insanın həzrətləri ilə vidalaşmaq istədiyini başa düşürük, lakin dəfn mərasimi ilə bağlı protokol və digər texniki detallara görə, əhalinin məbədə daxil olmasına icazə vermək mümkün deyil” – İctimaiyyətlə Əlaqələr Xidməti tərəfindən yayılmış məlumatda deyilir.