Gürcüstan nümayəndə heyəti ATƏT çərçivəsində keçirilən parlamentlərarası konfransda iştirak edib
Xarici əlaqələr komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze və Avropa ilə inteqrasiya komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin üzvü Levan Maxaşvili İtaliya Parlamentində keçirilən, ATƏT regionunda mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə həsr olunmuş parlamentlərarası konfransda iştirak ediblər.
İki gün davam edən konfransda ATƏT Parlament Assambleyasına üzv ölkələrdən 80-ə yaxın parlamentari iştirak edib. Onlar korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərini müzakirə ediblər.
Konfrans çərçivəsində Gürcüstan nümayəndə heyətinin üzvləri Gürcüstanın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə təcrübəsindən danışıblar.
“ATƏT Parlament Assambleyası çərçivəsində keçirilən iki günlük konfransda mütəşəkkil cinayətkarlıq, terrorizm və gənclər arasında radikallaşmanın yayılmasına qarşı mübarizə mövzularında çox maraqlı müzakirələr apardıq və iştirakçı ölkələrin təcrübəsi haqqında məlumat aldıq və həmçinin Gürcüstanın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə təcrübəsini bölüşdük”, – deyə Nikoloz Samxaradze bildirib.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.