Gürcüstan Milli Bankı və Çin Mərkəzi Bankı arasında əməkdaşlıq memorandumu imzalanıb
Gürcüstan Milli Bankı və Çin Mərkəzi Bankı arasında əməkdaşlıq memorandumu imzalanıb

Gürcüstan Milli Bankı və Çin Xalq Bankı arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məqsədilə qarşılıqlı anlaşma memorandumu imzalanıb. Bu barədə Gürcüstan Milli Bankı məlumat yayır.

Agentliyin məlumatına görə, sazişi Gürcüstan Milli Bankının prezidenti Natia Turnava və Çin Xalq Bankının prezidenti Pan Qonqşenq imzalayıblar.

Çin Mərkəzi Bankı ilə memorandum Milli Bankın nümayəndə heyətinin Çinə səfəri çərçivəsində imzalanıb. Nümayəndə heyətinə Gürcüstan Milli Bankının prezidenti Natia Turnava rəhbərlik edirdi.

Qarşılıqlı Anlaşma Memorandumu qlobal maliyyə mühitində ümumi çağırışların həlli, sistem risklərinin azaldılması, iki ölkə arasında ticarət və işgüzar münasibətlərin təşviqi, həmçinin maliyyə sabitliyinin möhkəmləndirilməsi üçün sıx əməkdaşlığı nəzərdə tutur.

Çin Mərkəzi Bankına səfəri zamanı Natia Turnava Çin Xalq Respublikası ilə Gürcüstan Milli Bankı arasında maliyyə sektorunda əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, gələcəkdə mərkəzi banklar arasında fəal tərəfdaşlığın hər iki ölkə üçün məhsuldar olacağına ümid etdiyini bildirib.

“Bizim birgə vəzifəmiz iki ölkənin bank sektorunu daha səmərəli və daha yaxın etməkdir. Biz Gürcüstanın maliyyə bazarını Çin bankları və Çin maliyyə sektorunun nümayəndələri üçün daha cəlbedici etməyi planlaşdırırıq. Çin tərəfinin bizimlə sıx əməkdaşlıq üçün böyük maraq və arzu ifadə etməsi xoşdur”, – Natia Turnava bildirib.

“Memorandumla tərəflər iki ölkənin mərkəzi bankları arasında monetar siyasəti sahəsində əməkdaşlıq etmək, həmçinin maliyyə texnologiyaları, ödəniş sistemləri, qiymətli kağızlar bazarının inkişafı sahələrində məlumat və təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.

Bununla yanaşı, qarşılıqlı əməkdaşlıq çərçivəsində Gürcüstanın Milli Bankı və Çin Mərkəzi Bankı birgə layihələr həyata keçirəcək və iki ölkə arasında bank xidmətlərinin inkişafına töhfə verəcəklər. Mandat çərçivəsində onlar sürətli, səmərəli və təhlükəsiz beynəlxalq əməliyyatların həyata keçirilməsini asanlaşdırmaq üçün ödəniş sistemlərinin qarşılıqlı əlaqəsinin artırılmasına xüsusi diqqət yetirilməklə, ödəniş infrastrukturunun inkişafı və modernləşdirilməsi üzrə əməkdaşlıq edəcəklər”, – Milli Bankın yaydığı məlumatda deyilib.