Gürcüstan Milli Bankı – Gürcüstan Milli Bankının nəzarətinə tabe olan istənilən subyektin yoxlanılması prosesi ciddi şəkildə məxfidir, müvafiq komandadan başqa heç bir şəxsin, o cümlədən Şura üzvlərinin məlumata çıxışı yoxdur
Gürcüstan Milli Bankı MMC “Bitexchange”in cərimələnməsi ilə bağlı bəyanat yayır.
Bəyanatda qeyd edildiyi kimi, Milli Bank Gürcüstan Milli Bankının Şurasının üzvü Nana Ğeinişvilinin sahibkarlıq fəaliyyətində mümkün qanunsuz iştirakı faktına bir daha münasibət bildirir və bu əməldən özünü tamamilə təcrid edir.
Bəyanata əsasən, məhz bu məqsədlə, Milli Bankın yüksək nüfuz standartından irəli gələrək, Şura istintaq başa çatanadək və obyektiv həqiqət müəyyən edilənədək Nana Ğeinişvilinin Gürcüstan Milli Bankının Şurasının fəaliyyətində iştirakdan kənarlaşdırılması barədə yekdilliklə qərar qəbul edib.
“Buradaca xüsusi olaraq qeyd edirik ki, Nana Ğeinişvili təkbaşına hərəkət edib, bunu şirkət nümayəndəsi tərəfindən yazılan, öz planları və məqsədləri barədə şəxsən danışdığı səs yazısı da təsdiqləyir. Bundan başqa, virtual aktiv xidmət təminatçılarına nəzarət Milli Bankda Nana Ğeinişvilinin kurasiya sahəsinə aid deyildi və müvafiq olaraq, onun qərar qəbulu prosesinə heç bir təsiri ola bilməzdi. Gürcüstan Milli Bankının nəzarətinə tabe olan istənilən subyektin yoxlanılması prosesi ciddi şəkildə məxfidir. Müvafiq komandadan başqa heç bir şəxsin, o cümlədən Şura üzvlərinin məlumata çıxışı yoxdur. Buradaca izah edirik ki, Nana Ğeinişvili Milli Bank Şurasının qeyri-icraçı üzvü olub, müvafiq olaraq, gündəlik icraedici idarəetmədə iştirak etməyib və operativ idarəetmə mandatına sahib olmayıb” – bəyanatda qeyd olunub.
Milli Bank tərəfindən virtual aktiv xidmət təminatçısı MMC “Bitexchange”in cərimələnməsinə gəlincə, Gürcüstan Milli Bankının məlumatına əsasən, sözügedən yoxlama planlı şəkildə 2026-cı ilin fevral ayında aparılıb.
“Müvafiq olaraq, MMC “Bitexchange”in nümayəndəsinin cərimələnmənin onun Gürcüstan Milli Bankına təqdim etdiyi məlumatla bağlı olması barədə bəyanatı əsassızdır və ictimaiyyəti qəsdən səhvə sürükləməyə xidmət edir.
Yüksək ictimai maraqdan irəli gələrək, nəzərinizə çatdırırıq ki, MMC “Bitexchange” çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması qaydasının və digər bir sıra pozuntulara görə cərimələnib.
Buradaca MMC “Bitexchange”in cərimələnməsi prosedurunu və tarixçəsini ətraflı şəkildə izah edirik.
1. Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması istiqamətində qanunvericiliyin kobud şəkildə pozulması
Gürcüstan Milli Bankı tərəfindən MMC “Bitexchange”in (VÖEN: 404595121) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş tələblərin icrasını qiymətləndirmək məqsədilə yoxlanılması həyata keçirilib. Yoxlama nəticəsində aşkarlanmış pozuntulara görə şirkətə ümumilikdə 572 118 000 lari, şirkətin iki inzibatçısının hər birinə isə əlavə olaraq 7 000 lari məbləğində pul cəriməsi tətbiq olunub.
Şirkətə tətbiq edilən cərimələrin böyük hissəsi (572 033 000 lari) istehlakçıların identifikasiyası və verifikasiyası tələblərinin pozulması ilə bağlıdır. Xüsusilə, şirkət özünəxidmət kioskları vasitəsilə əməliyyatları istehlakçıların identifikasiyası və onların şəxsiyyətinin qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılması aparılmadan həyata keçirib. Vurğulanmalıdır ki, müştərinin identifikasiyası və verifikasiyası məbləğindən asılı olmayaraq, hər bir əməliyyatın həyata keçirilməsi zamanı məcburidir. Bununla yanaşı, özünəxidmət köşkləri vasitəsilə müştərinin verifikasiyası Gürcüstan Milli Bankı ilə razılaşdırılmış proseslə həyata keçirilməlidir, şirkət isə bunu təmin etməyib.
Qeyd edilməlidir ki, aşkarlanmış pozuntular çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sisteminin ən fundamental tələblərindən biri – şəxsə, o cümlədən müştərinin adı ilə hərəkət edən şəxsə qanunvericiliklə nəzərdə tutulmuş identifikasiya və verifikasiya tələbləri yerinə yetirilmədən xidmət göstərilməsi ilə bağlı idi. Qeyd olunan tələblərə riayət olunması qabaqlayıcı tədbirlərin zəruri əsasını təşkil edir və həm müştəri ilə, həm də təşkilatın fəaliyyəti ilə bağlı risklərin müvafiq qaydada qiymətləndirilməsi və idarə olunması üçün vacibdir.
Bununla yanaşı, “Virtual aktiv xidmət təminatçısına və onun inzibatçılarına münasibətdə pul cəriməsinin məbləğinin müəyyən edilməsi, tətbiqi və icrası qaydası”na əsasən, şəxsə, o cümlədən müştərinin adı ilə hərəkət edən şəxsə qanunvericiliklə nəzərdə tutulmuş identifikasiya və verifikasiya tələbləri yerinə yetirilmədən xidmət göstərilməsi ağır pozuntular kateqoriyasına aiddir. Qeyd olunan təsnifat bu tələblərə verilən xüsusi əhəmiyyətə işarət edir. Onların yerinə yetirilməməsi təkcə formal və ya prosedural xəta təşkil etmir, çünki müştərinin kimliyinin müəyyən edilməsi, onunla əlaqəli risklərin qiymətləndirilməsi, həyata keçirilən əməliyyatların monitorinqi, şübhəli və qeyri-adi əməliyyatların aşkarlanması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Məhz pozulmuş tələblərin fundamental xarakteri, onların çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sisteminin effektiv fəaliyyəti üçün əhəmiyyəti, eləcə də aşkarlanmış pozuntuların ağırlığı və miqyası konkret halda tətbiq olunmuş pul cəriməsinin həcmini şərtləndirib. Müvafiq olaraq, sanksiyanın məbləği yalnız onun məbləğ ifadəsinə görə deyil, pozulmuş öhdəliklərin mahiyyəti və aşkarlanmış faktiki halların məcmusu nəzərə alınmaqla qiymətləndirilməlidir.
2. Qadağan olunmuş və qanunsuz fəaliyyətlə bağlı şübhəli əməliyyatlar
Yoxlama çərçivəsində təşkilat tərəfindən təqdim olunmuş məlumatın və özünəxidmət köşkləri vasitəsilə həyata keçirilmiş əməliyyatların öyrənilməsi zamanı ortaya çıxdı ki, ən çox istifadə olunan virtual aktiv qəbulu ünvanlarından biri ilə bağlı açıq mənbələrdə, o cümlədən “Google”un axtarış sistemi vasitəsilə sözügedən ünvanın “Telegram” kanalı/qrupu vasitəsilə müxtəlif qadağan olunmuş maddələrin ehtimal edilən satışı ilə mümkün əlaqəsi haqqında məlumat tapılırdı. Bununla yanaşı, əməliyyatların intensivliyi, oxşar xüsusiyyətləri və həcmi nəzərə alınmaqla, analoji xarakterli əməliyyatlar digər virtual aktiv ünvanlarında da qeydə alınırdı.
3. Şirkətin məlumatların uçotu və emalı elektron sistemlərindəki qüsurlar
İdentifikasiya/verifikasiyadan başqa, yoxlama nəticəsində şirkətin məlumatların uçotu və emalı elektron sistemlərində də mühüm xətalar aşkarlanıb. Xüsusilə, qanunvericiliyə uyğun olaraq, virtual aktiv xidmət təminatçısı tərəfindən icra edilən əməliyyatlar onun sistemində tam şəkildə uçota alınmalı, sistemləşdirilməli və elə saxlanılmalıdır ki, uçota alınmış məlumatlara qarşı həyata keçirilən istənilən hərəkətin “loqlaşdırılması” və ehtiyac halında virtual aktiv xidmət təminatçısının baş ofisindən onlar haqqında məlumatın ən qısa müddətdə tapılması və çıxarılması mümkün olsun. Bununla yanaşı, həm sanksiya tətbiq edilmiş və siyasi nüfuzlu şəxslərin yoxlanılması sistemində (buna görə istehlakçıların lazımi qaydada yoxlanılması təsdiqlənmirdi), həm də şübhəli və qeyri-adi əməliyyatların aşkarlanması sistemində mühüm xətalar ortaya çıxıb. Xüsusilə, mövcud qüsurlar yüksək riskli əməliyyatların, o cümlədən müxtəlif blokçeynlərdə həyata keçirilmiş əlaqəli əməliyyatların və virtual aktiv pulqabıları arasındakı əlaqələrin aşkarlanmasına maneə törədirdi. Bununla yanaşı, qeyd olunan əməliyyatlarda şübhəliliyin müxtəlif indikatorlarının görünməsinə baxmayaraq, şirkət Maliyyə Monitorinqi Xidmətinə iki şübhəli əməliyyat haqqında hesabat təqdim etməyib. Qeyd edilməlidir ki, qüvvədə olan cərimə qaydasına əsasən, şübhəli sövdələşmə haqqında hesabatın Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməməsi və proqram (elektron) sistemlər ilə bağlı xətalar xüsusilə ağır pozuntular kateqoriyasına aiddir.
4. Gürcüstan Milli Bankına yanlış və natamam məlumatın təqdim edilməsi
Bundan başqa, şirkət yoxlama çərçivəsində Gürcüstan Milli Bankına yanlış və natamam məlumat təqdim edib. Təqdim olunmuş məlumatlardakı uyğunsuzluqlar və məlumatın təkrarən tələb edilməsi zərurəti yoxlama prosesini ləngidib. Bununla yanaşı, yoxlama nəticəsində şirkətin proqram sistemlərinin, insan resurslarının və daxili nəzarət mexanizmlərinin onun fəaliyyət miqyasına, əməliyyatların həcminə və virtual aktivlər sektoru üçün xarakterik risklərə uyğunluğu təsdiqlənməyib” – bəyanatda qeyd olunub.
Buradaca deyilir ki, Gürcüstan Milli Bankı öz səlahiyyəti çərçivəsində çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması istiqamətində maliyyə institutlarının, o cümlədən virtual aktiv xidmət təminatçılarının nəzarətini riskə əsaslanan yanaşmaya uyğun olaraq, Gürcüstan qanunvericiliyi və Gürcüstan Milli Bankının prezidentinin 2018-ci ilin 31 dekabr tarixli №297/04 nömrəli əmri ilə təsdiqlənmiş “Gürcüstan Milli Bankının çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə nəzarəti çərçivəsi” əsasında həyata keçirir.
“Maliyyə Hərəkətləri üzrə Xüsusi Qrupun (FATF) standartlarına və Gürcüstanın qanunvericiliyinə uyğun olaraq, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması istiqamətində nəzarət riskə əsaslanan yanaşma ilə həyata keçirilir. Qeyd olunan yanaşma bir tərəfdən nəzarət diqqətinin artan risk daşıyan subyektlərə və fəaliyyətlərə yönəldilməsini, digər tərəfdən isə mövcud nəzarət resurslarının effektiv istifadəsini nəzərdə tutur.
Qeyd olunan prinsipləri və beynəlxalq qabaqcıl təcrübəni nəzərə alaraq, Gürcüstan Milli Bankı həm əvvəlcədən planlaşdırılmış nəzarət yoxlamalarını, həm də müvafiq risk və ya halın aşkarlanması halında, plandankənar (ad hoc) təftişləri həyata keçirir. Bu çərçivədə hazırda da bir neçə virtual aktiv xidmət təminatçısının yerində təftiş edilməsi davam edir.
Təkcə 2026-cı ildə Gürcüstan Milli Bankı tərəfindən ümumilikdə 51 nəzarət subyekti yoxlanılıb, o cümlədən virtual aktiv xidmət təminatçısı MMC “Bitexchange”. Bununla yanaşı, paralel olaraq digər nəzarət subyektlərinin də yoxlamaları davam edir ki, onlar bu mərhələdə hələ başa çatmayıb və müvafiq olaraq bu statistik məlumatlarda əks olunmayıb. Başa çatmış yoxlamaların nəticələrinə əsasən, subyektlərin böyük əksəriyyətinə qarşı aşkarlanmış pozuntulara uyğun olaraq pul cərimələri tətbiq edilib, bu da Gürcüstan Milli Bankının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblərin icrasının təmin edilməsi istiqamətində ardıcıl nəzarət yanaşmasını əks etdirir” – bəyanatda qeyd olunub.