Gürcüstan Xarici İşlər Nazirliyi bildirir ki, müəyyən olunmuş müddətdə Avropa Komissiyasına Komissiyanın tövsiyələrinin yerinə yetirilməsi ilə bağlı hesabat təqdim edilib
Gürcüstan Xarici İşlər Nazirliyi bildirir ki, Avropa Komissiyasına müəyyən olunmuş müddətdə, 31 avqust tarixində Komissiyanın tövsiyələrinin yerinə yetirilməsi ilə bağlı hesabat təqdim edilib.
Avropa Komissiyasının Gürcüstan hakimiyyətinə tövsiyələri arasında “xarici təsirin şəffaflığı haqqında”, “ailə dəyərləri haqqında” qanunların ləğvi və LGBTİQ şəxslərin hüquqlarının təmin edilməsi də var.
Avropa Komissiyası tərəfindən hazırlanmış tövsiyələrin tam siyahısı aşağıdakı kimidir:
“Gürcüstanın bütün vətəndaşlarının fundamental hüquqlarını – o cümlədən toplaşmaq, ifadə və birləşmək azadlığını, şəxsi həyata hörmət hüququnu, ictimai həyatda iştirak etmək hüququnu və diskriminasiyanın qadağan olunmasını təmin etsin və qorusun.
Fundamental hüquq və azadlıqları məhdudlaşdıran, ayrı-seçkiliyin qadağan olunması prinsipini pozan və Avropa və beynəlxalq standartlara zidd olan istənilən qanunvericiliyin qarşısı alınmalı və o qanunlar ləğv edilməlidir. Xüsusilə, “xarici təsirin şəffaflığı haqqında” qanun və “ailə dəyərləri və azyaşlıların müdafiəsi haqqında” qanunlar paketi ləğv olunmalı, insan hüquqları üzrə milli strategiya və fəaliyyət planı yenidən nəzərdən keçirilməlidir ki, LGBTIQ şəxslərin hüquqları tam şəkildə qorunsun.
Gürcüstanın viza siyasəti, xüsusilə Avropa İttifaqının təhlükəsizliyi və ya qeyri-qanuni miqrasiya baxımından risk yaradan ölkələrə münasibətdə, Aİ-nin viza öhdəliyi olan ölkələr siyahısına uyğunlaşdırılsın.
Sığınacaq axtaranların əsassız müraciətləri və Avropa İttifaqı ölkələrində qeyri-qanuni qalma halları ilə mübarizə, o cümlədən vizasız rejimin şərtləri barədə maarifləndirmə kampaniyalarının keçirilməsi və sərhəd nəzarətinin gücləndirilməsi yolu ilə gücləndirilsin.
Aktivlərin qaytarılması və idarə olunması məqsədilə müvafiq ofislər yaradılsın və aktivlərin müəyyən edilməsi, dondurulması, idarə edilməsi, müsadirə olunması və istifadəsi sahəsində səylər davam etdirilsin.
Yeni antikorrupsiya strategiyası və fəaliyyət planı qəbul edilsin, onların həyata keçirilməsi üçün müvafiq resurslar təmin olunsun və yüksək səviyyəli korrupsiya hallarının araşdırılmasına, cinayət təqibinə və məhkəmə qərarlarının çıxarılmasına xüsusi diqqət yetirilsin.
Antikorrupsiya Bürosu haqqında qanun dəyişdirilsin ki, xüsusilə Büronun müstəqilliyi, siyasi neytrallığı və funksiyaları baxımından Venesiya Komissiyasının əsas tövsiyələri yerinə yetirilsin.
Şəxsi məlumatların qorunması haqqında qanun Avropa İttifaqının hüquqi çərçivəsinə uyğunlaşdırılsın.”
Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğunun 14 iyul tarixli məktubunda qeyd olunur ki, Komissiya tövsiyələrin icrasını viza rejiminin dayandırılması mexanizmi çərçivəsində təqdim olunacaq növbəti hesabat çərçivəsində qiymətləndirəcək.