Gürcüstan hökuməti dövlət universitetlərinin maliyyələşdirilməsi üçün yeni bir model təsdiqləyib

18:12, 30.07.2026

Gürcüstan hökumətinin qərarı ilə dövlət universitetlərinin maliyyələşdirilməsinin yeni modeli təsdiq edilib və bu model 2026-2027-ci tədris ilindən etibarən mərhələli şəkildə qüvvəyə minəcək. Bu barədə məlumatı Gürcüstanın Elm və Təhsil Nazirliyi yayır.

Təhsil Nazirliyinin məlumatına görə, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış model iki əsas komponenti – baza və fəaliyyət nəticələrinə (göstəricilərə) əsaslanan maliyyələşdirməni əhatə edir.

“Baza maliyyələşdirilməsi maliyyə vəsaitinin təhsil sahələrinə və ali təhsil pillələrinə — bakalavriat və magistraturaya uyğun olaraq, akademik proqramların fərqli dəyərinə əsasən müəyyən edilməsini nəzərdə tutur. Bununla yanaşı, universitetlərin maliyyələşdirilməsi zamanı tələbələrin sayı da nəzərə alınacaq ki, bu da tədris prosesi və tələbə xidmətləri ilə bağlı baza xərclərinin ödənilməsini təmin edəcəkdir.

Baza maliyyələşdirilməsinə mərhələli şəkildə fəaliyyət nəticələrinə (göstəricilərə) əsaslanan maliyyələşdirmə komponenti əlavə olunacaq ki, bu da dövlət sifarişinin yerinə yetirilməsi nəticələrinə yönələcəkdir. Bu, növbəti istiqamətləri əhatə edir: təhsilin keyfiyyəti və bazar tələblərinə uyğunluğu; tədqiqat, inkişaf və innovasiyaların keyfiyyətinin artırılması; beynəlmiləlləşmənin (beynəlxalq inteqrasiyanın) təşviqi; regional inkişafın dəstəklənməsi; ali təhsilə əlçatanlığın artırılması.

Nazirlik dövlət universitetləri ilə əməkdaşlıq çərçivəsində, hər bir universitetin missiyasını, məqsədlərini, profilini və resurslarını nəzərə alaraq, müqavilə əsaslı maliyyələşdirmə şərtlərini fərdi şəkildə müəyyən edəcək.

Fəaliyyətə əsaslanan maliyyələşdirmə komponenti hər bir dövlət universitetinə milli məqsədlərə nail olunmasına öz töhfəsini vermək və davamlı olaraq təhsilin keyfiyyətinin artırılmasına yönəlmək imkanı verəcək.

Yeni model dövlət universitetlərinə müvafiq təhsil proqramlarının hazırlanmasında, yüksək keyfiyyətli tədrisin təmin olunmasında, akademik, inzibati və köməkçi heyət üçün layiqli iş şəraitinin yaradılmasında və rəqabətədavamlı əmək haqqının təmin edilməsində dəstək verəcək.

Ali təhsil islahatının əsas məqsədi ali təhsilin keyfiyyətini və əlçatanlığını artırmaqdır. Yeni modelin tətbiqi məhz bu məqsədə xidmət edir – dövlət maliyyələşdirilməsi ali təhsilin keyfiyyətini və əlçatanlığını artırmağa, universitetlərin tədqiqat potensialını gücləndirməyə və ali təhsil müəssisələrinin uzunmüddətli institusional inkişafını dəstəkləməyə yönəldiləcək.

Yeni maliyyələşdirmə modelinin tətbiqinin birinci mərhələsi üçün dövlət büdcəsindən əlavə 42 milyon lari ayrılacaq və 2027-ci ildə ali təhsilin maliyyələşdirilməsinin ümumi həcmi 170 milyon lariyə çatacaq.

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi Dünya Bankı ilə birlikdə bir neçə ildir ki, yeni maliyyələşdirmə modeli üzərində işləyir. Yeni model, “İnnovasiya, İnklüzivlik və Keyfiyyət, Gürcüstan I2Q (WB)” layihəsi çərçivəsində sistemdəki ehtiyacların dərin təhlili, beynəlxalq təcrübələrin öyrənilməsi və beynəlxalq və yerli mütəxəssislərin cəlb edilməsi yolu ilə hazırlanıb“, – yayılan məlumatda deyilib.

Oxşar