Gürcüstan hakimiyyəti 4 oktyabr seçkiləri ilə bağlı ATƏT/DTİHB-yə dəvət məktubu ilə müraciət edib
Gürcüstan hakimiyyəti 4 oktyabr yerli özünüidarəetmə seçkiləri ilə bağlı ATƏT/DTİHB-yə müşahidə missiyasının dəvəti üçün məktubla müraciət edib.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
Kobaxidzenin qeyd etdiyi kimi, o ümid edir ki, ATƏT/DTİHB davamlı təzyiqlərə baxmayaraq, müşahidə missiyası oktyabrın 4-də keçiriləcək seçkiləri müşahidə etməkdən çəkinməyəcək.
“Srağagün yerli özünüidarəetmə seçkiləri üçün namizədlərin qeydiyyat müddəti başa çatdı və nəhayət məlum oldu ki, radikal müxalifəti təmsil edən iki partiya – “Vahid Milli Hərəkat” və “Yeni” partiyası seçkiləri boykot edir və hətta seçkilərdə iştirak etməyi xəyanət hesab edir. Digər iki partiya – “Lelo” və “Gürcüstan Naminə” isə seçkilərdə iştirak edəcək. Bu iki partiya 64 seçki dairəsindən 37-də merliyə namizəd irəli sürə bildi.
Bildiyiniz kimi, yerli özünüidarəetmə seçkilərinin müşahidəsi üçün ATƏT/DTİHB missiyasının dəvət olunması məsələsi hələ də gündəmdədir. Son bir neçə həftə ərzində dəfələrlə bildirmişik ki, əgər radikal müxalifət və onun xarici himayədarları ATƏT/DTİHB-nin 2024-cü ilin parlament seçkiləri ilə bağlı dərc etdiyi hesabatına hörmət etdiklərini bu dəfə nümayiş etdirsələr, biz dərhal missiyanı dəvət edəcəyik.
Hər kəs yaxşı xatırlayır ki, bu hesabata görə ATƏT/DTİHB dəfələrlə radikal müxalifətin və onun xarici himayədarlarının hücumlarına məruz qalıb. Onların arasında, ATƏT/DTİHB-nin ötən ilki hesabatına qarşı avropalı və keçmiş amerikalı bürokratlar tərəfindən də kobud hörmətsizlik nümayiş etdirilib.
Ümid edirik ki, dəfələrlə təhqir və təzyiqlərə baxmayaraq, ATƏT/DTİHB Gürcüstana müşahidə missiyası göndərməkdən çəkinməyəcək. Gürcüstan hökuməti ATƏT/DTİHB missiyasına ənənəyə uyğun olaraq seçkiləri tam şəkildə müşahidə etməsi üçün bütün şəraitin yaradılmasına tam hazır olduğunu təsdiqləyir.