Gürcüstan Dəmir Yollarının baş direktoru Azərbaycan Dəmir Yollarının sədri ilə birlikdə yeni Poti Dəniz Limanına və Batumi Dəniz Limanının infrastrukturuna baxış keçirib
Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze Gürcüstanda səfərdə olan Azərbaycan Dəmir Yollarının sədri Rövşən Rüstəmovla birlikdə yeni Poti Dəniz Limanını və Batumi Dəniz Limanının təmir olunmuş infrastrukturuna baxış keçirib.
Gürcüstan Dəmir Yollarının məlumatına görə, iki ölkənin dəmir yollarının rəhbərləri və nümayəndə heyətlərinin üzvləri görülən işlərlə tanış olublar, bununla yanaşı, liman idarəçiliyinin nümayəndələri qonaqlara obyektlərin gücü və terminaların modernləşdirilməsi prosesi barədə məlumat veriblər. Hər iki tərəf Orta Dəhliz marşrutunda artan yük axınının qarşılanması üçün limanların və dəmir yolu operatorlarının sinxronizasiyasının və səmərəli fəaliyyətinin vacibliyini vurğulayıb.
“Gürcüstanın dəmir yolu və liman infrastrukturunun yüksək standartlarla işləməsi Orta Dəhliz marşrutunun daha da inkişaf etdirilməsində əsas rol oynayır. Biz bu istiqamətdə, eləcə də yük sahibləri üçün xidmətlərin təkmilləşdirilməsi üzərində fəal işləyirik. Dəmir yolu və limanların sinxronizasiyası və səmərəli infrastrukturu birlikdə daha çox yükün daşınmasına imkan verəcək ki, bu da öz növbəsində Gürcüstan Dəmir Yoluna daha çox gəlir gətirəcək. Məqsədimiz Orta Dəhliz və Bakı-Tbilisi-Qars marşrutu üzrə yük axınını artırmaqdır ki, bu da bütövlükdə ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək”, -Gürcüstan Dəmir Yollarının baş direktoru bildirib.
Gürcüstan Dəmir Yollarının məlumatına görə, 2025-ci ilin statistik göstəricilərinə görə, Poti və Batumi limanlarında yük axınının göstəricisi artıb.