Gürcüstan Baş Prokurorluğu Tamaz Elizbaraşvilinin işi ilə bağlı videomaterial yayır
Gürcüstan Baş Prokurorluğu Tamaz Elizbaraşvilinin işi ilə bağlı videomaterial yayır.
“30 avqust, təxminən saat 23:40-da Tbilisidəki restoranlardan birində Tamaz Elizbaraşvili və zərərçəkənlərdən biri təsadüfən qarşılaşıblar. Bu zaman onların arasında keçmişdə Tamaz Elizbaraşvili tərəfindən həmin şəxs və onun ailəsi barəsində sosial şəbəkədə yazılmış şərh ilə bağlı sözlü münaqişə yaranıb.
Baş vermiş sözlü münaqişə zamanı Tamaz Elizbaraşvili zərərçəkəni və onunla birlikdə olan şəxsləri hədələyib. Xüsusilə, o, bu işi belə qoymayacağını, təxminən 30 dəqiqəyə qayıdacağını söyləyib və onlardan restoranın ərazisini tərk etməmələrini tələb edib. Zərərçəkənlər isə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün restoranın ərazisini tərk ediblər.
Avqustun 31-i, təxminən saat 00:20-də Tamaz Elizbaraşvili təhdidi yerinə yetirmək məqsədilə hadisə yerinə qayıdır və bu zaman əlini nümayişkaranə şəkildə gödəkçəsinin qoynuna (cibinə) salır.
Elizbaraşvili silahlı olub və restorana daxil olmağa cəhd edib. O, həmçinin zərərçəkənləri hədələməyə və söyüş söyməyə davam edib. Mühafizə əməkdaşlarının qadağasına baxmayaraq, Tamaz Elizbaraşvili yenə də restoranın ərazisinə daxil olub. Zərərçəkənlərin orada olmadığına əmin olduqdan sonra isə ərazini tərk edib”, – deyə prokurorluğun yaydığı məlumatda deyilib.
Məlumat üçün bildirək ki, Gürcüstan Baş Prokurorluğu Tamaz Elizbaraşviliyə qarşı hədələmə faktı üzrə ittiham irəli sürüb.