"Gürcü Arzusu"nun Siyasi Şurası - 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri onun ruhi tarazlığının pozulması deyil, kənardan sifariş edilmiş və yaxşı planlaşdırılmış xəyanətin nəticəsi idi
Gürcü cəmiyyətinin böyük hissəsi Saakaşvilinin adekvatlığından haqlı olaraq şübhələnir, lakin 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətlərinin onun ruhi tarazlığının pozulması deyil, kənardan sifariş edilmiş və yaxşı planlaşdırılmış xəyanətin nəticəsi olması faktdır – bu haqda “Gürcü Arzusu”nun Siyasi Şurasının bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, “2008-ci ilin müharibəsinə başladığını, yəni öz ölkəsi və xalqı qarşısında xəyanət etdiyini etiraf edən keçmiş hakimiyyətin mövcud olduğu vəziyyət var və bu siyasi qüvvəni yenə də hakimiyyətə qayıtmaq istəyi hərəkət etdirir”.
“Hesab edirik ki, belə şəraitdə birləşmiş “Milli Hərəkat” tərəfindən törədilmiş cinayətə hüquqi qiymət verilməməsi cinayətə bərabərdir. Bu gün, Haaqa və Strasburqda məhkəmə işlərinin aparılması başa çatmışkən, eyhamlarla danışmağın vaxtı deyil. Cinayətkarların konstitusiyanın və qanunun bütün sərtliyi ilə cavab verməsinin vaxtı yetişib.
Yuxarıda qeyd olunan faktiki halları nəzərə almaqla, Gürcüstanda uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün ictimai hüquqi prosesin aparılması və cəmiyyətin ölkəmizə və xalqa qarşı ən ağır xəyanət cinayətini kimin törətdiyini birdəfəlik bilməsi həyati əhəmiyyətlidir” – “Gürcü Arzusu”nun Siyasi Şurasının bəyanatında deyilir.