“Gürcü Arzusu”nun mətbuat xidməti Bidzina İvanişvili haqqında “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsi” (OCCRP) tərəfindən yayılmış məlumatla əlaqədar bəyanat yayır.
Mətbuat xidmətinin bəyanatını dəyişiklik edilmədən təqdim edirik.
“Biz bir daha “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsi” (OCCRP) tərəfindən bizim bəyanatımıza cavab olaraq “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili haqqında yayılmış məlumata münasibət bildiririk.
İctimaiyyətə xatırladırıq ki, sözügedən təşkilat bir neçə gün bundan əvvəl guya İvanişvilinin ailəsinin aylar əvvəl Moskvada mülk aldığına dair yalan məlumat yaydı. 1998-ci ildən sonra hakim komandanın fəxri sədrinin və onun ailə üzvlərinin Rusiyada heç bir mülk almadıqlarından, üstəlik, bu ölkəyə səfər etməmələrindən irəli gələrək, yalan məlumatı həqiqi faktlarla asanlıqla ifşa etdik. Görünür, müəyyən nüfuza malik media üçün yalanda ifşa olunduğuna görə narahatlıq yarandı və özünə haqq qazandırmaq üçün növbəti cəfəng bəyanat yaydı.
OCCRP yazır ki, onların məqaləsi Bidzina İvanişvili haqqında deyil, onun həyat yoldaşı Ekaterine Xvedelidzeyə aid olub. Bu təşkilatın “yeni aşkar edilmiş qalmaqal” kimi qələmə verməyə çalışdığı Rusiyada mövcud əmlaka sahiblik məsələsini ilk dəfə məhz Bidzina İvanişvili 2013-cü ildə əmlak bəyannaməsini dolduran zaman ictimailəşdirib və qanuna uyğun olaraq, ailə üzvlərinin, o cümlədən həyat yoldaşının adına olan aktivləri də göstərib. Bununla yanaşı, “araşdırmaçı jurnalistika” üzrə iddiası olan təşkilat bilməlidir ki, bəyannamə blankında ailə üzvləri üçün qrafa ona görə var ki, bu ümumi mülkiyyət sayılır və guya məqalədə söhbətin Bidzina İvanişvili haqqında deyil, yalnız Ekaterine Xvedelidzeyə aid olması ilə əlaqədar onların özlərinə bəraət qazandırması yalandan uzaqlaşmaq üçün cılız bir cəhddir.
Bundan başqa, sözügedən təşkilat gürcü offşor qanunu mövzusunu gündəmə gətirməyə cəhd etmişdi, lakin bu məsələyə daxil olmağın mənası yoxdur. Qanunun düzgün, hüquqi cəhətdən mükəmməl və Gürcüstana yalnız xeyir gətirdiyi cəmiyyətə yaxşı məlumdur. Bəyannamənin sadə qaydalarını başa düşməyən media ilə mürəkkəb offşor arxitekturasından danışmağın mənası yoxdur.
Bir daha bu təşkilatla əməkdaşlıqdan çəkinməklə verdiyimiz qərarın alternativsiz olduğuna əmin olduq. Ümid edirik ki, başqa vaxtlarda oxşar məzmunlu məqalələr dürüstlük və səriştəliliyin minimum standartına heç olmazsa cavab verəcək” – “Gürcü Arzusu”nun mətbuat xidmətinin bəyanatında deyilir.