“Gürcü Arzusu” BBC-yə rəsmi şikayətlə müraciət edib və üzr istənilməsini tələb edir
“Gürcü Arzusu” BBC-yə rəsmi şikayətlə müraciət edib və üzr istənilməsini tələb edir

BBC-nin böhtan xarakterli materiallarının yayımlandığı gün elə həmin gün bəyan etdiyimiz niyyətə uyğun olaraq, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası adından dünən BBC-yə rəsmi şikayətlə müraciət etdik”, – bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu gün keçirilən brifinqdə bildirib.

Papuaşvilinin sözlərinə görə, Gürcüstan hökumətinin guya “kamit”dən istifadə etməsi ilə bağlı ittiham yalan, əsassız və böhtandır.

Şalva Papuaşvili bildirib ki, “Gürcü Arzusu” BBC-dən üzr istənilməsini, filmin və onunla bağlı materialların müvafiq platformalardan çıxarılmasını tələb edir.

Papuaşvili şikayətin əsaslandırılmasından danışıb.

“Bildiyiniz kimi, 2025-ci il dekabrın 1-də Böyük Britaniyada ictimai mənbələrdən maliyyələşən televiziya – BBC – bir film və ona bağlı digər nəşrlər yayımladı. Həmin materiallarda ağır, zərərli və qəti ittihamlar yer alır; o cümlədən Gürcüstan hökumətinin guya Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi silah – “kamit”dən istifadə etməsi barədə iddialar. Bu ittihamlar yalan, əsassız və böhtandır.

İttihamların absurdluğu, pozuntuların və qeyri-etik hərəkətlərin xarakteri və miqyası bizə bunun siyasi kampaniya olduğunu düşündürür. Məqsəd əvvəlcədən müəyyənləşdirilmiş saxta narrativlə Gürcüstan hökumətinin reputasiyasına zərər vurmaqdır. İstifadə olunan materialların etibarlılıq səviyyəsi və onların ictimaiyyətə təqdim olunma forması isə göstərir ki, bu nəşrlər dəqiq, balanslı və mənbələrə əsaslanan jurnalistika yolu ilə auditoriyanı məlumatlandırmaqdan daha çox, ictimai qavrayış və siyasi narrativ formalaşdırmağa xidmət edir. Bu saxta narrativ sonradan bir çox yüksək rütbəli xarici rəsmi şəxslər və daxili siyasi aktorlar tərəfindən də yayılıb və gücləndirilib və Gürcüstanın hakim siyasi partiyası “Gürcü Arzusu”na qarşı siyasi motivli hücum aləti kimi istifadə olunur.

Buna görə də, BBC-nin böhtan xarakterli materiallarının yayımlandığı gün elə həmin gün bəyan etdiyimiz niyyətə uyğun olaraq, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası adından dünən BBC-yə rəsmi şikayətlə müraciət etdik.

Şikayətin əsaslandırılmasına və tələblərimizə gəlincə: Həmin film və müşayiətçi nəşrlər BBC-nin redaksiya standartlarını, Böyük Britaniyanın kommunikasiya tənzimləyicisi olan Ofkomun yayım kodeksini və məsuliyyətli jurnalistikanın fundamental prinsiplərini pozan ciddi və təsdiqlənməmiş ittihamlar ehtiva edir. İlk növbədə, dəqiqlik öhdəliyinin kobud şəkildə pozulması var. BBC öz materiallarında fakt kimi təqdim edib ki, guya Gürcüstanın hüquq-mühafizə orqanları etiraz aksiyaları zamanı “kamit” adlı kimyəvi maddədən istifadə edib. Bu iddia heç bir yoxlanılmış, müstəqil və ya etibarlı mənbəyə əsaslanmır. Əksinə, aparılmış araşdırma nəticəsində təsdiqlənib ki, bu maddə Daxili İşlər Nazirliyi tərəfindən nəinki heç vaxt istifadə olunmayıb, nazirliyin mülkiyyətində də heç vaxt olmayıb.

BBC materiallarında faktları yanlış şəkildə elə təqdim edir ki, guya toplantı iştirakçıları hüquq-mühafizə orqanlarına qarşı zorakı hərəkətlər etmirdilər və buna baxmayaraq, hüquq-mühafizə orqanları yenə də toplantıları dağıdıb. Bundan əlavə, BBC heç bir etibarlı sübut olmadan yalan olaraq iddia edir ki, “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili 2024-cü ilin noyabr-dekabrında keçirilmiş zorakı toplantıların dağıdılması ilə bağlı qərarların qəbul olunması prosesində iştirak edib.

İkinci mühüm problem qərəzsizliyin pozulmasıdır. Proqramda, filmdə və digər nəşrlərdə açıq şəkildə birtərəfli narrativ qurulub və Gürcüstan hökuməti zorakı hərəkətlərin təşkilatçısı, “prorus”, “Rusiya maraqlarının tərəfdarı” və s. kimi təqdim olunur.

Eyni zamanda hökumətin mövqeyi, hüquq-mühafizə orqanlarının rəsmi izahları və hadisələri obyektiv təhlil etmək üçün zəruri olan kontekst nəzərə alınmayıb. Üçüncü məsələ ədalətlilik və cavab vermək hüququnun gözardı edilməsidir. BBC ağır ittihamlarla bağlı Gürcüstan hökumətinə efirə çıxmazdan cəmi bir neçə gün əvvəl müraciət edib. Bu praktika BBC-nin öz redaksiya qaydalarına ziddir; çünki reputasiyaya ciddi zərər verə biləcək ağır ittihamlar zamanı adekvat müddət saxlanılmaqla real kommunikasiya tələb olunur.

Həmçinin böhtan elementlərini qeyd etmək vacibdir. Proqramda konkret şəxslərin bəyanatlarından istifadə olunub, lakin onların etibarlılığı, maraqlar toqquşması və keçmişi auditoriyaya açıqlanmayıb. Nəticədə tamaşaçı təhrif olunmuş mənzərə alır: ehtimallar və hipotezlər təsdiqlənmiş faktlar kimi təqdim olunur. Şikayət tam şəkildə BBC-nin redaksiya prinsiplərinə, Britaniya kommunikasiya qurumunun (Ofkomun) yayım kodeksinə, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasına əsaslanır; həmin praktika aydın şəkildə müəyyən edir ki, ağır ittihamlar yayıldıqda jurnalistin ən yüksək dəqiqlik, yoxlama və ədalətlilik öhdəliyi var.

Şikayətimizdə tələb edirik: 1. Filmin və onunla bağlı materialların müvafiq platformalardan çıxarılması; 2.BBC-nin ictimai və aydın şəkildə üzr istəməsi – aşağıdakılar üzrə:

Faktiki əsas olmadan Gürcüstan hüquq-mühafizə orqanlarının “kamit”dən istifadə etməsi barədə ehtimal və iddia irəli sürüldüyünə görə;

Faktiki əsas olmadan, guya toplantı iştirakçıları hüquq-mühafizə orqanlarına hücum etmədiyi halda onlara qarşı fiziki güc tətbiq edildiyi barədə məlumat yayıldığına görə;

Faktiki əsas olmadan “Gürcü Arzusu”nun maraqlarının Rusiya maraqları ilə üst-üstə düşdüyü iddia edildiyinə görə;

Faktiki əsas olmadan “Gürcü Arzusu”nun fəxri sədri barədə zorakı toplantıların dağıdılması ilə bağlı qərarlarda iştirak etdiyi haqda məlumat yayıldığına görə.

Burada onu da izah edirəm ki, Böyük Britaniya qanunvericiliyinə uyğun olaraq şikayət proseduru mərhələlidir: zərərçəkən əvvəlcə media qurumunun özünə müraciət etməlidir; biz də bunu dünənki şikayətimizlə etdik.

BBC özü pozuntunu düzəltməsə, növbəti mərhələ Britaniya kommunikasiya qurumuna (Ofkoma) müraciət etməkdir. Orada da pozuntu aradan qaldırılmasa, bundan sonra Böyük Britaniya məhkəməsinə müraciət etmək imkanımız olacaq. Gürcüstana qarşı bu çirkin kampaniyanın ifşası üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququndan”, – Şalva Papuaşvili bildirib.