Quram Maçaraşvili – Davit Sağvarelidze, praktiki olaraq, o zamankı hakimiyyətin Gürcüstanın taleyini tərəziyə qoyduğunu etiraf etdi
“Milli Hərəkat”ın liderlərindən biri, cənab Sağvarelidze, 2008-ci ilin avqust müharibəsi ilə bağlı illərdir “Milli Hərəkat”a və onların liderlərinə qarşı səsləndirdiyimiz bütün ittihamları, demək olar ki, etiraf etdi; yəni o zamankı hakimiyyətin provokasiyaya uyduğunu, heç bir planlarının olmadığını və xarici qüvvələr, Rusiya tərəfindən gələn həmin provokasiyaya boyun əydiklərini təsdiqlədi, – bu barədə “Xalqın gücü” partiyasının icraçı katibi Quram Maçaraşvili bildirib.
Maçaraşvilinin sözlərinə görə, Davit Sağvarelidze o vaxtkı hakimiyyətin “Gürcüstanın taleyini tərəziyə qoyduğunu” etiraf edib.
“Danışırdılar ki, onlarda hər şey plana uyğun gedir, sən demə, ertəsi gün biliblər ki, Rusiya Saakaşvilinin hərbi qüvvələr yeritdiyi həmin ərazini heç kimə güzəştə getməyəcəkmiş. Sakvarelidze, praktiki olaraq, o zamankı hakimiyyətin Gürcüstanın taleyini tərəziyə qoyduğunu etiraf etdi və hətta dedi ki, dövlətçiliyimizi itirməyimizə cəmi yarım addım qalmışdı. Biz də elə bundan danışırıq, başqa bir şeydən yox – bu provokasiyaya və belə bir avantüraya uyaraq dövlətçiliyi, müstəqilliyi və gürcü kimliyini itirəcəklərindən, Gürcüstanın taleyinin onların vecinə olmadığından. Bu vaxt televiziyalar da başqa şeylər bəyan edirdilər. Çox yaxşı xatırlayırıq, ikinci, üçüncü gün deyirdilər ki, biz hansısa bir dağı, o biri dağı tutmuşuq, qalib gəlirik və s. Necə ki, bu gün də, təəssüf ki, Ukrayna haqqında eyni cür danışırlar. Artıq beşinci ildir deyirlər ki, Ukrayna qalib gəlir, Rusiya isə məğlub olur. Biz Ukraynada necə acınacaqlı bir vəziyyətin olduğunu görürük. Burada isə Saakaşvili və onun hakimiyyəti ikinci, yaxud üçüncü gün Rustavelidə qələbəni qeyd etdirdi. Bütün bunları “Milli Hərəkat”ın liderlərindən biri Sağvarelidze praktiki olaraq təsdiqlədi. Biz illərdir bu barədə danışırıq, komissiyada müəyyən etdik ki, sözün həqiqi mənasında xəyanət baş verib və atılan addımlar öz dövlətimizin maraqlarına zidd olub”, – Quram Maçaraşvili qeyd edib.
Xatırladaq ki, müxalif siyasətçi Davit Sağvarelidze bəyan edib: “Rusiya hər halda 2008-ci ildə hazırlıqsız idi, Gürcüstanı tamamilə işğal etmək planları sonadək işlənilməmişdi, onlar da xaotik şəkildə hərəkət edirdirlər, yenə yaxşı qurtulmuşuq”.