Quram Quramişvili - Gürcüstanın nəqliyyat dəhlizində daşınan yüklərin əhəmiyyətli dərəcədə artması ölkədə düzgün nəqliyyat siyasətinin həyata keçirildiyini göstərir
Quram Quramişvili - Gürcüstanın nəqliyyat dəhlizində daşınan yüklərin əhəmiyyətli dərəcədə artması ölkədə düzgün nəqliyyat siyasətinin həyata keçirildiyini göstərir

Gürcüstanın nəqliyyat dəhlizində daşınan yüklərin artan dinamikası 2025-ci ildə də davam edir.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirinin müavini Quram Quramişvilinin məlumatına görə, cari ilin yanvar-iyun dövründə Orta Dəhliz vasitəsilə Çindən Gürcüstana və əks istiqamətdə, Gürcüstan üzərindən daşınan konteynerlərin sayı 9849 TEU təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (3608 TEU) 173,0% çoxdur.

Quram Quramişvilinin qiymətləndirməsinə görə, istər quru, istər dəniz, istərsə də hava nəqliyyatı sahəsində yükdaşımaların artım dinamikasının praktiki olaraq bütün istiqamətlərdə qeydə alınması vacibdir.

“Məsələn, ilin birinci yarısında Gürcüstanın dəniz limanlarında, xüsusi ilə Poti və Batumidə daşınan yüklərin ümumi həcmi yeddi milyon ton təşkil edib ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 5,9 faiz çoxdur. Konteyner daşımalarına gəlincə, 2025-ci ilin yanvar-iyun dövründə Gürcüstan limanlarında 19,5 faiz çox konteyner daşınıb ki, bu da rekord göstəricidir. Bütün bunlar onu göstərir ki, sektor ümumilikdə düzgün inkişaf edir və Gürcüstan regional əhəmiyyətə malik nəqliyyat qovşağına çevrilir”, – nazir müavini qeyd edib.

Hava nəqliyyatı yolu ilə daşınan yüklərin göstəricisi də əhəmiyyətli dərəcədə artıb – 2025-ci ilin yanvar-iyun aylarında Gürcüstanın beynəlxalq hava limanları ilə daşınan yüklərin həcmi 16,5 min ton təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 57,6% (10,5 min ton) çoxdur.

İqtisadiyyat və davamlı inkişaf nazirinin müavininin məlumatına görə, Gürcüstanın Dəmir Yolları ilə konteyner daşımaları 30,5 faiz artıb. Onun qiymətləndirməsinə görə, bu, bir daha Orta Dəhlizin artan əhəmiyyətini təsdiqləyir.

“Ötən ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin ilk altı ayının göstəricilərinə görə, Çindən və Çin istiqamətində konteyner daşımalarının sayının üç dəfə artması ölkədə düzgün nəqliyyat siyasətinin həyata keçirildiyini göstərir. Bununla yanaşı, həyata keçirilən infrastruktur layihələri Gürcüstanın yükdaşıma sahəsində potensialının daha da artmasına töhfə verəcək”, – Quram Quramişvili qeyd edib.

Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.