“Guardian” – Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza rejimi sazişini dayandırmağa hazırlaşır

10:21, 29.08.2022

 

Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza rejimi sazişini dayandırmağa hazırlaşır. “Guardian” xəbər verir ki, Avropa İttifaqı müvafiq qərarı bu həftə qəbul edəcək.

Qərar nəticəsində Rusiya vətəndaşları artıq asanlıqla Aİ vizasını ala bilməyəcəklər və viza rüsumu da artırılacaq.

“Guardian”ın yazdığı üzrə, bu addım Rusiya vətəndaşlarının Avropa İttifaqına turistik məqsədlər üçün səfərini məhdudlaşdırmaq hədəfi daşıyır ki, bu da Aİ-yə üzv olan bəzi dövlətlərin tələbidir. Avropa İttifaqında deyildiyi üzrə, “Avropa İttifaqı Rusiya vətəndaşlarına müharibənin qəbuledilməz olması ilə bağlı açıq mesajla müraciət etməlidir”.

“Guardian”, ilin sonuna kimi Avropa İttifaqının Rusiya ilə sadələşdirilmiş viza rejimini ləğv etməklə yanaşı, əlavə addımlar da atmağa hazırlaşdığını yazır.

Təşkilatın üzvü olan ölkələrin xarici işlər nazirləri avqustun 30-da Praqada Rusiya vətəndaşları üçün viza rejiminin sərtləşdirilməsi məsələsini müzakirə edəcəklər.

Xatırladaq ki, Aİ ölkələrindən bəziləri Rusiya vətəndaşlarına vizaların verilməsinin tamamilə dayandırılmasının tərəfdarıdırlar. Onların arasında Finlandiya, Çexiya, Estoniya, Latviya və Litva var. Lakin Almaniya və Fransa kimi ölkələr bu təşəbbüslə razılaşmır.

Oxşar