Rustaveli prospektində gələn il üçün planlaşdırılan reabilitasiya çərçivəsində, prospektdəki mövcud bina və tikililər də yenilənəcək
Gələn il üçün nəzərdə tutulan Rustaveli prospektinin abadlaşdırılmasına yeraltı kommunikasiyaların və yol infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı, üzərindəki mövcud bina və tikililərin təmiri də daxildir.
Qeyd olunanla bağlı paytaxt hökumətinin bu gün keçirilən iclasında Tbilisi meri Kaxa Kaladze həmçinin, prospektin abadlaşdırılması işlərinin gələn ilə təxirə salınmasının səbəblərindən danışıb.
“Keçən ilin sonunda paytaxtın 2025-ci il büdcəsi təsdiqlənəndə biz Rustaveli prospektinin abadlaşdırılmasını əsas infrastruktur layihələrindən biri kimi qeyd etmişdik. Hələ o zaman belə bir fikir var idi ki, ilk növbədə yeraltı kommunikasiyaları nizama salınmalıdır. Yerin altında mövcud infrastruktur bu gün paytaxt üçün çağırışlardan biridir, çünki o, köhnəlir və bir sıra küçə və prospektlərdə problem yaradır. İstənilən küçənin abadlaşdırılmasına başlayanda ilk növbədə yeraltı kommunikasiyaları təmir edirik. Rustaveli prospektində də eyni şeyi planlaşdırmışdıq. Bir sıratədqiqatlar apardıq və məlum oldu ki, Rustaveli prospektində nə drenaj, nə də kanalizasiya sistemi yoxdur. Kommunist dövründə tikilmiş bir qəzalı kollektor var və hər şeyi daşıyır. ilk növbədə bu kollektorun sökülməsi həyata keçirilməlidir ki, bu da müəyyən vaxt tələb edir”, – deyə Kaxa Kaladze bildirib.
Onun dediyinə görə, meriya Rustaveli prospektində abadlıq işlərini üç ay ərzində başa çatdırmağı planlaşdırırdı, lakin yuxarıda qeyd olunan çətinliklərə görə bu proses üçün daha çox vaxt lazım olacaq.
“Bu səbədən qeyd olunan işləri bu il həyata keçirməmək qərarına gəldik və gələn ilə qədər təxirə salacağıq. Bununla yanaşı ilk addım yeraltı kommunikasiyaların və yol infrastrukturunun təmiri olacaq, daha sonra isə Rustaveli prospektindəki mövcud bina və tikililərin, o cümlədən fasadlarının təmirini və bərpasını planlaşdırırıq, çünki onların çoxu qəzalıdır”, – Kaxa Kaladze bildirib.