Qeka Qeladze Gürcüstanın birliyi uğrunda həlak olmuş polis əməkdaşlarının xatirə abidəsini əklillə bəzəyib
Daxili işlər naziri Qeka Qeladze müavinləri və 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının ailə üzvləri ilə birlikdə nazirliyin həyətindəki mövcud abidəni əklillə bəzəyib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin departament rəhbərləri Gürcüstanın birliyi uğrunda həlak olmuş polis əməkdaşlarının xatirəsini yad edib, memorialı güllərlə bəzəyiblər.
“Qeka Qeladze həlak olan polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirib və qeyd edib ki, nazirlik hər zaman qəhrəman polislərin ailələrinin yanında olacaq. Onun dediyinə görə, Gürcüstanın birliyi uğrunda mübarizədə həlak olmuş polis əməkdaşlarının göstərdiyi xidmət ölkə qarşısında əvəzolunmazdır. Qeka Qeladze, həmçinin Xüsusi Tapşırıqlar Departamentinin bazasında olub. Daxili işlər naziri departamentin əməkdaşları və müavinləri ilə birlikdə Gürcüstanın birliyi uğrunda mübarizədə həlak olmuş əməkdaşların xatirəsinə həsr olunmuş memorialı əklillə bəzəyib və onların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Mərhumların ruhunu yad etmək üçün anım mərasimi keçirilib.
“2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı Daxili İşlər Nazirliyinin 19 əməkdaşı həlak olub”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.