“Qatar Airways” Gürcüstanın yük daşımaları bazarında fəaliyyətə başlayıb
Gürcüstanın hava yük daşımaları bazarına daha bir operator əlavə olunub. Qətərin “Qatar Airways” aviaşirkəti Tbilisiyə ilk müntəzəm yük reysini həyata keçirib.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi tərəfindən verilmiş icazəyə əsasən, aviaşirkət Doha–Yerevan–Tbilisi–Doha hava xətti üzrə uçuşları həftədə bir dəfə həyata keçirəcək. “Qatar Airways” sözügedən marşrut üzrə uçuşları “Boeing 777” tipli hava gəmisi ilə həyata keçirəcək və Gürcüstan ilə Qətər Dövləti arasında yüklərin daşınmasına xidmət edəcək.
Statistikaya görə, son illərdə Gürcüstanın hava yük daşımaları bazarı əhəmiyyətli dərəcədə böyüyüb. 2025-ci ildə hava yolu ilə daşınan yüklərin həcmi 38 578 ton təşkil edib ki, bu da Gürcüstan aeroportlarının tarixində mütləq rekord göstəricidir. 2025-ci ildə 2024-cü illə müqayisədə yük dövriyyəsi 50% artıb, 2023-cü illə müqayisədə isə bu rəqəm 101% yaxşılaşıb ki, bu da bazarın həcminin cəmi iki il ərzində iki dəfə artması deməkdir.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayır.