G7-yə üzv ölkələr Ukraynaya hava hücumundan müdafiəni gücləndirməyə kömək edəcəklər, həmçinin 2023-cü il üçün Ukraynaya dəstək olaraq 32 milyard dollar ayıracaqlar
G7-yə üzv ölkələr Ukraynaya hava hücumundan müdafiəni gücləndirməyə kömək edəcəklər. Bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok Berlində danimarkalı həmkarı ilə görüşündə bildirib.
Alman nazir həmçinin ABŞ-ın “Patriot” zenit-raket kompleksinin Ukraynaya verilməsi qərarını da alqışlayıb.
“Yardımımızın əsas hissəsi hava hücumundan müdafiədir, çünki Ukraynanın məhv etdiyi hər bir rus raketi Ukrayna xalqı üçün bir az daha az əziyyət deməkdir. Məhz bu səbəbdən G7-nin görüşündə biz bir daha hava hücumundan müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə dair razılaşdıq.Hava hücumundan müdafiə həyatları xilas edir”-deyə Analena Berbok açıqlayıb.
Bununla yanaşı, məlum olduğu kimi, G7-yə üzv olan ölkələr 2023-cü il üçün Ukraynaya dəstək olaraq 32 milyard dollar ayıracaqlar. Bu vəsait Ukraynanın büdcə və iqtisadi dəstəyi üçün istifadə olunacaq.