Fridrix Merts Ukraynada müharibədən sonrakı sülh prosesində “Avropa ordusunun” iştirak etmək ideyası ilə razılaşmır
Almaniyanın kansleri Fridrix Merts “Avropa Xalq Partiyası”nın rəhbəri Manfred Veberin Ukraynada müharibədən sonrakı sülh prosesində “Avropa ordusunun” iştirakına dair təklifi ilə razılaşmır. Bu barədə məlumatı “Politico” yayır.
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən “Xalq Partiyası”nın qeyri-rəsmi sammitində çıxış edən Merts Veberin Avropa İttifaqının yenidən təşkili ilə bağlı cəhdlərini təqdir edib, lakin qeyd edib ki, bu ideyalar Avropanın problemlərinin dərhal həlli demək deyil.
“Biz indi mövcud vəzifələrə diqqət yetirməliyik”, – Merts Veberin təşəbbüsləri ilə bağlı sualı cavablandırarkən bildirib.
Manfred Veber son həftələr ərzində beynəlxalq səhnədə Avropa İttifaqının daha böyük gücünü nümayiş etdirmək üçün bir sıra təkliflər irəli sürüb. Ukraynada “Avropa bayrağı” altında fəaliyyət göstərən əsgərlərlə yanaşı, o, Avropa Şurasının prezidenti və Avropa Komissiyasının prezidenti vəzifələrini birləşdirəcək vahid Avropa lideri yaratmaq ideyasını irəli sürüb.