Fridrix Merts, Emmanuel Makron və Kir Starmer Kiyevə gəliblər
Fridrix Merts, Emmanuel Makron və Kir Starmer Kiyevə gəliblər

Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer Kiyevə gəliblər.

Siyasətçilər səfərlə bağlı sosial şəbəkədə məlumat yayıblar.

Bu, Mertsin rəsmi olaraq Almaniya kansleri olduqdan sonra Ukraynaya ilk səfəridir.

Merts, Makron və Starmerlə birlikdə Ukraynanın paytaxtında Polşanın baş naziri Donald Tusk olacaq və dördü də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

“Biz Kiyevdə “Rusiyanın davam edən işğalı fonunda” Ukrayna ilə həmrəy olacağıq”, – Merts sosial şəbəkədə yazıb.

O, həmçinin təsdiqləyib ki, hər dörd ölkə ABŞ prezidenti Donald Trampın müharibədə 30 günlük atəşkəslə bağlı təşəbbüsünü dəstəkləyir.

“ABŞ ilə birlikdə ədalətli və davamlı sülhə dair danışıqlara məkan yaratmaq üçün Rusiyanı tam və qeyd-şərtsiz 30 günlük atəşkəsə razılaşmağa çağırırıq. Biz atəşkəsin texniki həyata keçirilməsi və hərtərəfli sülh sazişinin hazırlanması məqsədilə mümkün qədər tez başlamalı olan sülh danışıqlarını dəstəkləməyə hazırıq”, – Almaniya kansleri bildirib.

Onun dediyinə görə, Rusiya daimi atəşkəsə razılaşana qədər Kiyevə yardım və Rusiya hərbi maşınına təzyiqlərin artırılması davam edəcək.

Məlumat üçün bildirək ki, bu gün Ukraynada İstəklilər Koalisiyasının iclası keçiriləcək. “İstəklilər Koalisiyası”na təxminən 30 dövlət daxildir.