Fridrix Merts Benyamin Netanyahunu Almaniyaya dəvət edib və Haaqa məhkəməsinin orderi əsasında Netanyahunun həbsinin qarşısını almaq üçün vasitələr tapacağını bildirib
Xristian Demokrat və Xristian Sosial İttifaqının lideri Fridrix Merts İsrailin baş naziri Benyamin Netanyahunu ölkəyə səfərə dəvət edib. Merts Beynəlxalq Cinayət Məhkəməsinin qərarı əsasında Netanyahunun Almaniyada həbs olunmasının qarşısını almaq üçün bir yol tapacağını bildirib. Merts bu barədə mətbuat konfransında bildirib.
Fridrix Merts deyib ki, o, Netanyahu ilə telefonla danışıb və ona “onun Almaniyaya səfəri və həbs olunmadan geri qayıtması üçün yollar və vasitələr tapacağını” deyib.
“Mən İsrailin baş nazirinin Almaniyaya səfər edə bilməməsi fikrini tamamilə absurd hesab edirəm”, – Merts bildirib.
Netanyahunun ofisi öz növbəsində bildirib ki, İsrailin baş naziri Mertsi seçkilərdə qələbəsi münasibətilə təbrik edib.
Məlumat üçün bildirək ki, 2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və İsrailin sabiq müdafiə naziri Yoav Qalant üçün həbs orderləri verib. Onlar Qəzza zolağında hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə ittiham olunurlar.