Fridrix Merts - ABŞ-İran müharibəsi səbəbindən NATO-nun bölünməsini istəmirik
Biz ABŞ-İran müharibəsi səbəbindən NATO-nun bölünməsini istəmirik, – bu barədə Almaniya kansleri Fridrix Merts bildirib.
Onun sözlərinə görə, Alyans Avropa təhlükəsizliyinin əsas təminatçısıdır və birliyin qorunması vacibdir.
“Biz istəmirik, mən istəmirəm ki, NATO bölünsün. NATO bizim təhlükəsizliyimizin, o cümlədən və ilk növbədə Avropanın təhlükəsizliyinin təminatçısıdır. Bu məsələ ilə bağlı soyuqqanlılığımızı qorumaq lazımdır”, – deyə Merts bildirib.
Almaniya kansleri əsas məqsədinin ittifaqı gücləndirmək olduğunu vurğulayıb.
“Hazırkı mərhələdə bu ittifaqın alternativi yoxdur, buna görə də ABŞ prezidenti ilə birlikdə onu qorumaq və inkişaf etdirməkdə xüsusi marağım var”, – deyə Merts bildirib.
Onun sözlərinə görə, Almaniyanın Yaxın Şərqdə diplomatik uğur qazanmaqda əhəmiyyətli marağı var, çünki bu, birbaşa həm regional sabitliklə, həm də qlobal və milli iqtisadiyyatla bağlıdır.
“Almaniyanın diplomatik uğur qazanmaqda fundamental marağı var. Bundan təkcə regional sabitlik deyil, həm də qlobal iqtisadiyyatın inkişafı və öz iqtisadiyyatımızın vəziyyəti asılıdır. Buna görə də, Almaniya hökuməti diplomatik prosesi hər cür yolla dəstəkləməyə davam edəcək. Əgər sülh əldə olunarsa, biz məsuliyyəti öz üzərimizə götürməyə və sabitləşdirməyə kömək etməyə hazırıq”, – deyə Merts bildirib.
Onun sözlərinə görə, Almaniya həmçinin İranla birbaşa əlaqələri bərpa edəcək.
“Bildiyiniz kimi, ciddi səbəbləri olan uzun fasilədən sonra Almaniya hökuməti indi yenidən Tehranla dialoqu bərpa edir. Biz bunu ABŞ və Avropa tərəfdaşlarımızla əlaqələndirilmiş şəkildə edirik. Məqsədimiz gələcək danışıqların uğuruna bu yolla öz töhfəmizi verməkdir”, – Merts bildirib.
Bununla yanaşı, Merts Trampın İrana qarşı sərt ritorikasından danışıb və qeyd edib ki, onun fikrincə, bu ritorika strateji xarakter daşıyıb.
“Mən bunu onun İrana qarşı strategiyasının ritorik elementi kimi də qiymətləndirdim. Düşünmürəm ki, o özü İran kimi bir ölkənin tamamilə məhv olacağını təsəvvür edərdi.Əminəm ki, iş bu səviyyəyə çatmazdı. Bu, onun İranla münasibətlərdə strategiyasının bir hissəsi idi və hərbi əməliyyatların müvəqqəti dayandırılmasına gətirib çıxardı”, – Merts bildirib.