Fransada isti hava səbəbindən alkoqollu içkilərə məhdudiyyətlər tətbiq edilib
Fransada anomal isti hava şəraiti səbəbindən ən yüksək – qırmızı təhlükə səviyyəsi elan edilib. Yüksək temperaturla əlaqədar illik musiqi festivallarında alkoqollu içkilərin qəbulu qadağan olunub. Bu barədə “France 24” xəbər verir.
Fransada həftənin əvvəlindən başlayan anomal isti hava şəraiti səbəbindən onlarla qatarın hərəkəti gecikib, məktəblərdə isə tədris prosesi dayandırılıb.
Fransa Meteorologiya Xidməti ölkə üzrə ekstremal yüksək temperaturun uzun müddət davam edəcəyini və 35 departamentdə qırmızı təhlükə səviyyəsinin qüvvədə qalacağını bildirib.
Proqnozlara görə, sabahdan etibarən Fransanın bəzi bölgəsində temperatur 41°C-yə çata bilər.
Paris və həmçinin paytaxtın cənub-qərbində yerləşən ərazilər də qırmızı təhlükə zonasına daxil edilib.
Parisliləri və turistləri istidən qorumaq üçün şəhər hakimiyyəti parkların və bağların gecə ərzində açıq qalmasına qərar verib.