Fransada, həbsxanalara edilən hücumlarla bağlı 20 şübhəli şəxsi saxlayıblar

14:54, 28.04.2025

Fransa mediasının məlumatına görə, Fransada həbsxanalara və onların əməkdaşlarına hücumda şübhəli bilinən 20-yə yaxın şəxsi saxlayıblar. Xüsusi əməliyyat Paris, Marsel, Bordo və Lionda keçirilib.

İstintaqçılar bu hücumlarda narkotik alverçilərinin, xüsusilə Marsel mafiyasının mümkün iştirakına dair versiyanı yoxlayırlar.

Bəziləri yeni bir fenomendən – məqsədi qorxutmaq və sabitliyi pozmaq olan “narkoterrorizm”dən danışır.

Fransanın ədliyyə naziri Cerald Darmanin şübhəlilərin saxlanılmasına görə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.

“Qanun və Fransa Respublikası narkotiklərlə alverə qarşı mübarizədə möhkəm və amansız olaraq qalır”, – Darmanin sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, media aprelin 15-də Fransa həbsxanalarına bir sıra hücumlar və bir neçə şəhərdə cəzaçəkmə müəssisələrinin əməkdaşlarının avtomobillərinin məhv edilməsi barədə məlumat yayıb. Bundan sonra oxşar hadisələr dəfələrlə təkrarlanıb. Fransanın daxili işlər naziri Bruno Retayo hücum dalğasının arxasında narkotik alverçilərinin olduğunu bildirib. Fransa prezidenti Emmanuel Makron hücumların təşkilatçılarını cəzalandıracağına söz verib.

Oxşar