Fransa Milli Assambleyası 15 yaşına qədər uşaqlar üçün sosial mediadan istifadəni qadağan edən qanun layihəsini sürətləndirilmiş qaydada müzakirə edir
Fransa Milli Assambleyası 15 yaşdan kiçik uşaqlar üçün sosial mediadan istifadənin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini sürətləndirilmiş qaydada müzakirə edir. Bu barədə Fransa mediası yazır.
Qanun layihəsi “Renessans” partiyasının üzvü Lor Miller tərəfindən təqdim olunub. Qanun layihəsi 15 yaşdan kiçik uşaqlar üçün həm sosial mediadan, həm də orta məktəblərdə mobil telefonlardan istifadənin qadağan edilməsini nəzərdə tutur.
Fransa Prezidenti Emmanuel Makron parlamenti sosial media ilə bağlı qanun layihəsini mümkün qədər tez qəbul etməyə çağırıb ki, sənəd yeni tədris ilinin başlanmasına qədər qüvvəyə minsin.
Məlumat üçün bildirək ki, Böyük Britaniya uşaqlar üçün sosial şəbəkənin istifadəsinin qadağan edilməsini müzakirə edir, paralel olaraq, məktəblərdə telefonların istifadəsinin sərtləşdirilməsini düşünürlər.
Bununla yanaşı, ötən ay Avstraliyada 16 yaşadək uşaqlar üçün sosial media istifadəsi qadağan edilib. “Reuters”in məlumatına görə, dünya miqyasında tənzimləyici orqanlar uşaqların sosial media istifadəsi ilə bağlı riskləri azaltmağa çalışırlar, həmçinin ekran qarşısında keçirdikləri vaxtın onların inkişafı və psixi sağlamlığına təsirini öyrənməyə çalışırlar.