“France 24” – Emmanuel Makron rəsmi səfərlə Dəməşqə gəlib, bu da Əsəd rejiminin devrilməsindən sonra Qərbi Avropa dövlət başçısının Suriyaya ilk səfəridir
Fransa prezidenti Emmanuel Makron rəsmi səfərlə Dəməşqə gəlib. Bu, Bəşər Əsəd rejiminin devrilməsindən bəri Qərbi Avropa dövlət başçısının Suriyaya ilk səfəridir. Bu barədə “France 24” xəbər agentliyi məlumat yayır.
Yelisey sarayının məlumatına görə, Suriyanı çərşənbə axşamı tərk edəcək Fransa lideri “öz cəmiyyətinin bütün qruplarına hörmətlə yanaşan azad və plüralist Suriyanı” dəstəkləyəcək və Yaxın Şərqdə gərginliyin azaldılmasına öz töhfəsini verəcəkdir.
Suriyanın “SANA” dövlət xəbər agentliyi ölkə prezidentinin administrasiyasına istinadən yazır ki, səfər çərçivəsində tərəflər ikitərəfli münasibətlərin gücləndirilməsini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər. Yayılan məlumata görə, Makronu Fransa şirkətləri və investorlarından ibarət nümayəndə heyəti də müşayiət edir.
Məlumat üçün bildirək ki, Fransa prezidentləri arasında Suriyaya sonuncu dəfə 2009-cu ildə Nikola Sarkozi səfər edib.