Finlandiyada üç jurnalist kəşfiyyat haqqında məqaləyə görə məhkəmə qarşısına çıxarılıb
Finlandiyada üç jurnalist kəşfiyyat haqqında məqaləyə görə məhkəmə qarşısına çıxarılıb. Finlandiyanın İctimai Yayımçısı yazır ki, söhbət məxfi məlumatları açıqlamaqda ittiham olunan Finlandiyanın məşhur “Helsingin Sanomat” nəşrinin jurnalistlərindən gedir.
Məqalə 2017-ci ildə dərc olunub. Məqalədə Finlandiya Müdafiə Qüvvələrinin kəşfiyyat bölmələrinin yeri və onların vəzifələri açıqlanıb.
Prokurorluq jurnalistlərə şərti həbs cəzası istəyib. Müxbirlərin özləri cinayəti inkar edirlər.
Paralel olaraq gizli sənədlərin jurnalistlərin əlinə necə keçməsi ilə bağlı istintaq davam edir. İstintaqın ilin sonuna kimi yekunlaşacağı gözlənilir.
“Reuters”in yazdığı üzrə, Finlandiya üçün jurnalistləri mühakimə etmək qeyri-adi haldır, çünki ölkə illərdir mətbuat azadlığı reytinqində dünya lideridir. Bu il yuxarıda qeyd olunan məhkəmə prosesləri səbəbindən Finlandiya bu reytinqdə beşinci pilləyə düşüb.