"Financial Times" - Kreml Ukrayna məsələsi ilə bağlı danışıqlar masasında Fransa nümayəndələrini kobud şəkildə rədd edib
"Financial Times" - Kreml Ukrayna məsələsi ilə bağlı danışıqlar masasında Fransa nümayəndələrini kobud şəkildə rədd edib

Britaniya nəşri “Financial Times” yazır ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Kremli Avropanın Ukrayna məsələsi ilə bağlı sülh danışıqlarında iştirak etməyə inandırmağa çalışan Fransa nümayəndələrini kobud şəkildə rədd edib.

Məqalədə qeyd olunub ki, Fransa prezidentinin müşavirləri Emmanuel Boni və Bertrand Buxvalter fevral ayında Putinin köməkçisi Yuri Uşakovla görüşmək üçün Moskvaya gəliblər.

Nəşrin məlumatına görə, onlar Kremli Avropanın Ukrayna məsələsi ilə bağlı danışıqlar masasında iştirak etməyə inandırmağa çalışıblar.

Medianın yazdığına görə, Uşakov bu tələbə kobud şəkildə cavab verib.

“Bağışlayın, amma yox, gedin…”, – Rusiya prezidenti köməkçisinin cavabı belə olub.

Kremlin sözçüsü Dmitri Peskov avropalıların sülh prosesini təşviq etməkdə maraqlı olmadığını və Fransa nümayəndəsinin Moskvaya heç bir müsbət mesaj gətirmədiyini söylədi.

Kreml sözçüsünün dediyinə görə, avropalılar ukraynalıları müharibəni davam etdirməyə inandırmaq üçün bütün səylərini göstərirlər. Onun dediyinə görə, Rusiya müharibədə qalib gəlir və cəbhədəki dinamika Rusiya ordusu üçün müsbətdir.