"Financial Times" - Fransa və Almaniya Avropa İttifaqında Ukraynanın simvolik üzvlüyü variantını müzakirə edirlər
Fransa və Almaniya Ukraynanın Aİ-yə üzvlük prosesində “simvolik” güzəştlər təklif edir. Bu, Kiyevin tam üzvlüyə qədər blokun ümumi büdcəsinə çıxışını və səsvermə hüququnu məhdudlaşdıracaq. Bu barədə məlumatı “British Financial Times” qəzeti yayır.
Qeyd etmək lazımdır ki, bundan əvvəl Paris və Berlində Avropa Komissiyasının üzvlük prosesinin sadələşdirilməsi ilə bağlı təklifləri rədd ediblər.
Almaniyanın təklifi Ukraynaya “assosiativ üzv” statusunun verilməsini nəzərdə tutur. Bu statusa əsasən, Kiyev Aİ nazirləri və liderlərinin görüşlərində iştirak edəcək, lakin səsvermə hüququna və Aİ-nin ümumi büdcəsinə avtomatik çıxışa malik olmayacaq.
Berlinin təklifində həmçinin qeyd olunur ki, yeni status “simvolik gücə” malik olacaq və onun verilməsi Avropa İttifaqı liderlərinin siyasi qərarı ilə mümkün olacaq. Bu isə uzunmüddətli prosedurların qarşısını almağa imkan verəcək.
Ukraynanın Avropa inteqrasiyası üzrə baş nazir müavini Taras Kaçka nəşrə bildirib ki, Kiyev Avropa İttifaqı ölkələri ilə üzvlük məsələsi üzrə müzakirələri davam etdirir.
Ukraynanın digər bir rəsmi nümayəndəsi bildirib ki, Kiyev üzvlüyün hər hansı qeyri-müəyyən konsepsiyasından narahatdır, çünki müharibədən yorulmuş Ukrayna əhalisi bunu Avropa İttifaqına üzvlüyün zəif alternativi kimi qəbul edə bilər.