“Euractiv” – Avropa İttifaqı uşaqlar üçün sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılması üzrə irimiqyaslı plan üzərində işləyir
Avropa İttifaqı uşaqlar üçün sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılması üzrə irimiqyaslı plan üzərində işləyir, – bu barədə “Euractiv” yazır.
Nəşrin mənbələrinin məlumatına görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen bu təşəbbüsü sentyabrın 16-da illik müraciəti zamanı rəsmi olaraq təqdim edəcək.
Sosial mediadan istifadə üçün minimum yaş həddinin nə qədər olacağı və qaydanın tətbiqinə necə nəzarət ediləcəyi hələlik məlum deyil. İlkin məlumata görə, Avropa İttifaqına üzv ölkələrdə bir neçə alternativ model nəzərdən keçirilir, bunların sırasına valideynlərin məcburi razılığı prosesi və həmçinin yaşın təsdiqlənməsi üzrə ciddi sistemlərin tətbiqi daxildir.
Məlumat üçün bildirək ki, 2024-cü ildə Avstraliya dünyada 16 yaşadək uşaqlar üçün sosial şəbəkələrdən istifadəni qanunvericilik səviyyəsində qadağan edən ilk ölkə oldu. Böyük Britaniya da analoji məhdudiyyətlərin tətbiq edilməsini nəzərdən keçirir. Avropa İttifaqına üzv dövlətlərdən Fransa və İspaniya artıq yetkinlik yaşına çatmayanlar üçün sosial şəbəkələrə çıxışın məhdudlaşdırılmasını milli səviyyədə planlaşdırırlar.