Estoniya Parlament komitəsinin sədri – Kiyev Trampın “sülh planı” ilə razılaşarsa, Ukrayna artıq mövcud olmayacaq, Avropa bunu qəbul edərsə, Rusiya ilə müharibəyə hazırlaşmalıyıq
Estoniya parlamentinin xarici əlaqələr komitəsinin sədri Marko Mihkelson sosial şəbəkədə yazır ki, Kiyev Donald Trampın “sülh planını” qəbul edərsə, Ukrayna mövcudluğunu dayandıracaq.
“Ukrayna bunu qəbul edərsə, Ukrayna mövcudluğunu dayandıracaq. Avropa bunu qəbul edərsə, biz Rusiya ilə birbaşa müharibəyə hazırlaşmalıyıq”, – deyə Marko Mihkelson yazır.
Məlumat üçün bildirək ki, Ukrayna mediası Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün “sülh planı”nın məzmununu dərc edib. Müharibənin başa çatdırılması planı 28 bənddən ibarətdir.
Trampın “sülh planına” görə, Rusiya qonşu ölkələrə daxil olmayacaq; Bununla yanaşı, Ukrayna öz konstitusiyasında NATO-ya daxil olmayacağını yazacaq. Plana əsasən, alyans genişlənməyəcək və genişlənməkdən imtina edəcək.
ABŞ prezidentinin ‘sülh planında’ ərazi məsələlərindən də söhbət gedir. Konkret olaraq, işğal olunmuş Krım və Luqansk və Donetsk regionları de facto Rusiya bölgələri kimi tanınacaq; Xerson və Zaporojye bölgələrində sərhəd hazırkı cəbhə xəttinə uyğun çəkiləcək və Ukrayna qüvvələri Donetsk vilayətinin hazırda nəzarət etdikləri hissəsindən geri çəkiləcək.
ABŞ tələb edir ki, Ukrayna “Uitkoff-Dmitriyev sülh planı” ilə 27 noyabra qədər razılaşsın.