Ermənistanda Rusiyanın səfiri Sergey Kopirkin Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb
Ermənistanda Rusiyanın səfiri Sergey Kopirkin Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb

Ermənistanda Rusiyanın səfiri Sergey Kopirkin Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya mediasının məlumatına görə, diplomata Rusiya Federasiyasından Ermənistandakı son daxili siyasi proseslərlə bağlı verilmiş “bəyanatlar”a görə etiraz notası təqdim olunub.

Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan Rusiyanın verdiyi qiymətləndirmələrlə bağlı narazılığını rus tərəfinə diplomatik kanallar vasitəsilə çatdırıb.

İrəvan bildirib ki, rus mediasında yayılan “açıq şəkildə qeyri-dost” və “tez-tez düşməncəsinə” olan ritorikaya, həmçinin, Rusiya Federasiyasının bəzi rəsmi şəxsləri və ekspert cəmiyyəti nümayəndələrinin oxşar bəyanatlarına görə sərt etirazını ifadə edib.

Etiraz notasında Rusiya dövlət televiziyasının canlı efirində səsləndirilən təhqiramiz bəyanatların, həmçinin Ermənistan hakimiyyətinin fəaliyyətinə qarşı hücumların qətiyyən yolverilməz olduğu vurğulanır. Etiraz notasında qeyd olunur ki, Rusiya Federasiyası Dövlət Dumasının bəzi deputatlarının Ermənistan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən dövlət çevrilişi cəhdinin qarşısını almaq məqsədilə atılmış hüquqi addımlarla bağlı şərhləri və bəyanatları təkcə təəccüb deyil, həm də narahatlıq doğurur.