Ermənistan Xarici İşlər Nazirliyində Ermənistanın Praqada əldə olunmuş razılığa və formata uyğun olaraq dekabrın 7-nə planlaşdırılan görüşə hazır olduğunu bildirirlər
Ermənistan Praqada əldə olunan razılığa və formata uyğun olaraq dekabrın 7-nə planlaşdırılan görüşə hazırdır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Vaan Unanyan erməni mətbuatına açıqlayıb.
“Xatırlatmaq istərdim ki, görüşlərin davam etdirilməsi ilə bağlı razılığın əldə olunduğu Praqadakı əvvəlki görüş dördtərəfli formatda keçirilib, görüşün formatı və iştirakçıların tərkibinin eyni olması məntiqlidir. Erməni tərəfinin görüşü və sülh prosesini pozmağa çalışması ilə bağlı Azərbaycan tərəfinin bütün bəyanatlarının ümumi reallıqla heç bir əlaqəsi yoxdur. Ermənistan Respublikası Praqada əldə olunmuş razılığa və formata uyğun olaraq dekabrın 7-nə planlaşdırılan görüşə hazırdır”- deyə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.
Bununla yanaşı, nazirliyin nümayəndəsi Azərbaycanın Ermənistanın sülh sazişi imzalamaq təkliflərinə cavab vermədiyini qeyd edib.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Fransanı Azərbaycana qarşı qəbuledilməz və təhqiredici hərəkətlərdə ittiham edərək Emmanuel Makronun Yerevanla Bakı arasında sülh danışıqlarında iştirak edə bilməyəcəyini, bu səbəbdən dekabrın 7-də Brüsseldə Emmanuel Makron və Şarl Mişelin iştirakı ilə planlaşdırılmış dördtərəfli görüşün keçirilməyəcəyini bildirib. Həmçinin, Əliyev Ermənistanı sülh prosesini pozmağa çalışmaqda ittiham edib.