Ermənistan və Azərbaycanın müdafiə nazirlikləri sərhəddəki mövcud vəziyyətlə bağlı məlumat yayırlar
Ermənistan və Azərbaycanın müdafiə nazirlikləri sərhəddəki mövcud vəziyyətlə bağlı məlumat yayırlar.
Ermənistan Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda, səhər saat 08:00 üçün sərhəddə vəziyyətin dəyişməz olduğu deyilir.
“Qarşı tərəf Vardenis, Sotk, Artaniş, İşxanasar, Qoris və Kapan istiqamətlərində həm hərbi, həm də mülki infrastruktura qarşı artilleriya, minaatan, PUA və iriçaplı silahlardan istifadə etməyə davam edir. Sərhədin ayrı-ayrı hissələrində mövqe toqquşmaları gedir. Qarşı tərəf irəliləmək cəhdlərini dayandırmır” – deyə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Nazirlikdən verilən məlumatda, Ermənistanın mövcud vəziyyətlə bağlı ölkədə akkreditə olunmuş səfirliklərin hərbi attaşelərinə məlumat çatdırdığı bildirilir.
Erməni mətbuatı tərəfindən yayılan məlumatda, Azərbaycan silahlı qüvvələrinin gecə saatlarında Sünik rayonunun Karaşen kəndini “Qrad” sistemləri ilə bombardman etdiyi deyilir. Bir neçə binaya ziyan dəyib, xəsarət alan olmayıb. Bununla yanaşı, “News Am” nəşri Sotk kəndi istiqamətində Azərbaycan tərəfdən açılan artilleriya atəşi nəticəsində iki qadının xəsarət alması barədə yazır.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın yaşayış məntəqələrinin və mülki infrastrukturun bombalanmasını təkzib edir və bunu dezinformasiya adlandırır.
“Erməni tərəfi bununla təşkil etdiyi genişmiqyaslı təxribatı gizlətməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır” – deyə məlumatda bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi yaranmış vəziyyətlə bağlı məlumat yayır.
“Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları gecə saatlarında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Ermənistan silahlı qüvvələri bununla yanaşı, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutub. Nəticədə silahlı qüvvələrimizin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib ” – deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlikdən verilən məlumata əsasən, Azərbaycan hakimiyyəti qeyd olunan istiqamətlərə ordu hissələrini göndərərək qəti cavab tədbirləri həyata keçirib. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı beynəlxalq hüququ və üçtərəfli sazişi kobud şəkildə pozmaqda ittiham edir.