Ermənistan və Azərbaycan liderləri Brüsseldə keçirilən görüşdə sülh müqaviləsi üzrə işi davam etdirmək barədə razılığa gəliblər
Ermənistan və Azərbaycan liderləri Brüsseldə keçirilən görüşdə sülh müqaviləsi üzrə işi davam etdirmək barədə razılığa gəliblər. Bu barədə Nikol Paşinyanla İlham Əliyev arasında danışıqların vasitəçisi olan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel məlumat verib.
Şarl Mişel bildirib ki, görüşdə tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə dair razılaşıblar və yaxın bir ayda iki ölkənin xarici işlər nazirlərinin danışıqları aparılacaq. Görüşdə həmçinin erməni hərbi əsirlərin azad edilməsi və ərazilərin minalardan təmizlənməsi məsələləri müzakirə olunub.
“Prezident Mişel bir daha saxlanılan ermənilərin azad edilməsinin vacibliyini vurğuladı” – deyə Avropa İttifaqı Şurasının saytında dərc olunan məlumatda deyilir.
Bununla yanaşı, bəyanatda yazılıb ki, Paşinyanla Əliyev arasında keçirilən görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsi də müzakirə olunub. Bu mövzuda çalışan ikitərəfli dövlət komissiyasının noyabrda Brüsseldə bir araya gəlməsinə qərar verilib.
Press-relizdə həmçinin Azərbaycan və Ermənistan liderlərinin noyabrda Brüsseldə yenidən görüşəcəyi bildirilir.