Ermənistan prezidenti Nikol Paşinyanı baş nazir vəzifəsinə təyin edib
Ermənistan prezidenti Vahaqn Xaçaturyan “Mülki Müqavilə” partiyasının lideri Nikol Paşinyanı ölkənin baş naziri vəzifəsinə təyin edib. Müvafiq fərman prezidentin rəsmi internet saytında dərc olunub.
“Konstitusiyanın 149-cu maddəsinin birinci hissəsinə əsasən, Nikol Paşinyan Ermənistanın baş naziri təyin edilsin”, – Prezidentin fərmanında deyilib.
Məlumat üçün bildirək ki, iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistanın hakim “Mülki Müqavilə” partiyası səslərin 49.7%-ni qazanıb. Biznesmen Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23.27%, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 9.9% səs toplayıb.