Ermənistan mediasının məlumatına görə, xaricdə yaşayan Ermənistan vətəndaşlarının seçkilərdə səsvermə hüququ məhdudlaşdırılır
Ermənistan mediasının məlumatına görə, Ermənistan Milli Məclisi xaricdə olan Ermənistan vətəndaşlarının seçkilərdə səsvermə hüququnu məhdudlaşdıran qanunu ikinci oxunuşda qəbul edib.
Qanuna əsasən, yalnız seçkilərdən əvvəlki son iki il ərzində fasiləsiz olaraq bir ildən çox Ermənistanda olan vətəndaşların səsvermə hüququ olacaq. İki illik müddət seçkilərə 48 gün qalmış, növbədənkənar seçkilər olduqda isə 28 gün qalmış hesablanır.
Rəsmi ezamiyyətdə və ya təhsil məqsədilə xaricdə olan şəxslər üçün istisna tətbiq ediləcək.
Müxalifət nümayəndələri səsvermə prosesini boykot ediblər, lakin qanunun qəbul edilməsi üçün hakim partiyanın deputatlarının 63 səsi kifayət edib.
“Ermənistan” müxalifət fraksiyası qanundan Konstitusiya Məhkəməsində şikayət etməyi planlaşdırır.
Bununla yanaşı, qanun qeyri-hökumət təşkilatları tərəfindən də tənqid edilib. Onların qiymətləndirməsinə görə, bu qanun konstitusiyaya ziddir, səsvermə hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırır, vətəndaşların siyasi hüquqlarını və demokratik prinsipləri pozur.